"Müstəqil Ermənistan": müttəfiqlərin mərhəməti - "lazım deyil" Skotland - Liddel, Tiflis 29 yanvar

AzSSR Mərkəzi Dövlət Arxivi, f. 894, siyahı 10, iş 81, vərəq 8
İş N 205, bağlama 14, Xarici İşlər Nazirliyi

 

 

Gürcüstan və Azərbaycan Zaqafqaziya respublikalarının müstəqilliklərinin tanınmasını sevinc içərisində alqışlamaqla müttəfiqlərə öz səmimi minnətdarlıqlarını bildirdilər, lakin Ermənistanda hakim partiya olan Daşnaksütyun nə məmnunluğunu, nə də minnətdarlığını dilə gətirir. Onların ərazilər əldə etmək hərislikləri o qədər böyükdür ki, indi daha çoxunu tələb etməyə başlayıblar. Ardınca onlar öz nizami qoşunlarını Zəngəzur bölgəsinin müsəlman kəndlərinin üstünə göndərərək öz sərhədlərini genişləndirmək məqsədi ilə yollarının üstündəki bütün evləri dağıdır və sakinlərini öldürürlər.

Tiflisdə Daşnaksütyun Partiyasının rəsmi orqanı olan "Aşkatavor" qəzeti baş məqaləsində Ermənistanın müstəqilliyinin tanınmasını "müttəfiqlərin gecikmiş mərhəməti" adlandırır. "Beləliklə, - deyə "Aşkatavor" yazır, qarşımızda müttəfiq dövlətlərin əməkçi erməni xalqı üçün dəyəri və mənası tamamilə anlaşılmaz olan aktı durur". Ardınca, müttəfiq dövlətlərin nümayəndələrinin ən yüksək parlament tribunalarında erməni xalqını özlərinin "kiçik, lakin namuslu müttəfiqi" adlandırdıqlarını xatırladan qəzet sözünə davam edir:

"Bu sayaq bəyanatlar düşünməyə haqq verir ki, erməni məsələsi adı çəkilən dövlətlərin xüsusi diqqət predmetinə çevrilir və bizim bu əqidəmiz əməkçi erməni xalqının dünya müharibəsinin bütün cəbhələrində qəhrəmancasına iştirakı ilə möhkəmlənir.

Lakin indi müharibənin bitdiyi bir vaxtda Versal Ali Şurası öz qu quşu nəğməsi ilə erməni demokratiyasının uğurlarını kiçildir, onun iradəsini və müəyyən tələblərini tapdalayır. O yalnız İrəvan hökumətini tanıyaraq nəzərdən qaçırır ki, bizim üçün "İrəvan paytaxt olmaqla erməni dövləti" mövcud deyil, yalnız Birləşmiş Ermənistan mövcuddur, onun hökuməti və parlamenti çoxdan bəridir dövlət quruculuğu ilə məşğuldur və tanınmağa o qədər də ehtiyac duymur.

28 may aktı ilə əməkçi erməni xalqı Birləşmiş Ermənistanın istiqlaliyyətini elan etməklə öz sarsılmaz iradəsini büruzə vermişdir və indi biz başa düşməkdən imtina edirik ki, nə üçün bu dünyanın "qüdrət sahibləri" Ermənistanı iki hissəyə bölməklə bu aktı tapdalayırlar... Bu diplomatik kəşf ən yaxşı halda yalnız əməkçi erməni xalqında dərin narazılıq doğura bilər". Məqalə bu sözlərlə bitir:

"Və əgər Ermənistanın müstəqilliyi yenidən diplomatik hərracların və "mülahizələrin" qurbanına çevrilməlidirsə, onda bu təyinin müəllifləri başa düşməlidirlər ki, Ermənistanın müstəqilliyini onlar deyil, bu haqqı yüz minlərlə adamın qanı və həyatı bahasına əldə etmiş erməni xalqı özü yaratmalıdır. Erməni və beynəlxalq demokratiya üçün yalnız Birləşmiş Ermənistan və vahid erməniçilik mövcuddur və bu baxımdan Ali Şuranın mərhəməti həm gecikmişdir, həm də səhv ünvanlanır. Erməni inqilabi demokratiyası bu həddən artıq gecikmiş mərhəmətə görə minnətdardır və ona heç bir ehtiyac hissi duymamışdır".

Section: