Azərbaycan Demokratik Respublikasının orqanı olan "Azərbaycan" qəzetindən materiallar (1918-1919-cu illər)

N55, 8 dekabr 1918-ci il.

Bakı, 8 dekabr

Biz azərbaycanlılar hələ siyasətdə mahir deyilik və başqalarını, xüsusən də bizim bədxahlarımızın əl atdıqları üsullardan istifadə etməyi bacarmırıq. Biz böyük dövlətlərin qapılarını su yoluna döndərərək bütün Avropada hay-küy qaldırmağı bacarmamışıq, biz hətta Avropada, necə deyərlər "yaxşı tanıtmaq" işini də qura bilməmişik. Azərbaycan Cümhuriyyətinin ədliyyə naziri X.B.Xasməmmədovun bu sözləri son 10 ildə Zaqafqaziya müsəlmanlarının həyatı ilə yaxından tanış olan hər kəs üçün dərin həqiqətdir.

Kədərli erməni-müsəlman toqquşmalarının ilk günlərindən başlayaraq, Rusiyanın mütərəqqi mətbuatının böyük əksəriyyəti müsəlmanları irticaçılıqda, mütləqiyyətin dayağı rolunu oynamağa meylli olmaqda, qaragüruhçu təmayüllərdə, vəhşiliklər və sairdə ittiham etməklə onlara qarşı düşmənçilik mövqeyi tutdu. Elə gülməli hallar da olurdu ki, böyük "akademik" orqanlarda Qafqazda guya müsəlmanlar tərəfindən dağıdılmış tarixdə mövcud olmayan şəhərlərin adları gedirdi...

Rusiyanın paytaxt mətbuatında qaldırılan bu hay-küy, aydın məsələdir ki, Avropa və ümumiyyətlə dünya mətbuatında lazımi əks-sədasız qalmırdı və müsəlmanlar barədə Qustav Emarın romanlarındakı hansısa qırmızıdərili adamlar haqqındakına bənzər təsəvvürlər qərarlaşdı. "Müsəlman vəhşiliklərinin qurbanları" haqqında müxtəlif dövlətlərin parlamentlərinə sorğular verilirdi.

Ailədə də özünün daha zirək qardaşları tərəfindən müxtəlif alçatmalara və zorakılıqlara obyekt olan fağır bir uşaq olur; bədbəxt hətta, şikayət etməyə belə ərinir və itaətlə durub gözləyir ki, anaları nə vaxt gəlib zorakıları deyil, onun özünü kötəkləyəcək, çünki zirəklər ondan cəld tərpənib vəziyyəti tərsinə qələmə verə biliblər. Biz məhz həmin fağır uşağın vəziyyətindəyik, Qafqazda isə həmişə "döyülmüş döyülməmişi belində aparır".

Bütün bunlar isə bizim səs-küy qaldırmaq və "rəy yaratmaq" bacarıqsızlığımızın sayəsindədir.

Aydındır ki, kənar adamlarda bizim üçün o qədər də sərfəli olmayan təsəvvür qərarlaşıb. Və hadisə yerinə gələnlər təmamilə əks məzmunlu mənzərəni görüb son dərəcə təəccüblənirlər.

Belə bir vəziyyət indi də mövcuddur. Qafqazda yaşayan digər xalqlarla müqayisədə hakimiyyətsizlik və anarxiya dövründə Azərbaycan türkləri, eləcə də bütün Qafqaz müsəlmanları on dəfələrlə və hətta yüz dəfələrlə çox ziyan çəkmələrinə baxmayaraq, indiyədək Qafqaz mətbuatının əksəriyyəti onlara qarşı böhtanlarını, özü də planlı sistematik xarakter daşıyan böhtanlarını davam etdirir. Bu böhtanlarda kadetlərdən tutmuş bolşeviklərədək, daşnaklardan tutmuş sosialistlərədək bütün elementlər heyrətamiz və kövrəldici bir yekdillik nümayiş etdirirlər. Sonuncularda, hətta sinfi məsələlər arxa plana itələnir və bu saat mübarizə ayrı-ayrı siniflərlə deyil, Azərbaycan türkləri ilə, sosial deyil, millətçi, hətta dini zəmində gedir.

Nə qədər ağır olsa da, məsələ bizə, müsəlmanlara aid olanda Bakı sosialistlərinin siyasi "credo"su hətta dəyişə bilərmiş. Biz öz məqsədlərinə nail olmaq üçün vasitə seçməkdə ağına-bozuna baxmayan siyasi düşmənlərimizlə özümüzü müqayisə etmək istəməzdik. Biz sakitlik və soyuqqanlılıqla haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, nəhayət bizim ətrafımızda olan bütün xalqlara münasibətdə loyallığımız, səmimiliyimiz, açıq rəftarımız kin və eqoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən etiraf olunacaq və qiymətləndiriləcəyik. Fakt göz qabağındadır. Kim istəyir yoxlaya bilər.

N 4, 25 sentyabr 1918-ci il.

Q.M. Məsələyə dair

"Azərbaycan" qəzetinin birinci nömrəsində Avropa müharibəsi başlanandan bəri Zaqafqaziyanın müsəlman əhalisi üzərində törədilmiş zorakılıqların təhqiqatı və bu əhalinin məruz qaldığı zərərin həcminin müəyyənləşdirilməsi üçün fövqəladə təhqiqat komissiyasının yaradılması haqqında Azərbaycan Cümhuriyyəti hökumətinin qərarı dərc edilmişdir. Həmin nömrədə məlumat verilirdi ki, İrəvan quberniyası müsəlmanlarının vəziyyətini təsvir etməyə adamın dili gəlmir. Cari ilin aprel ayının sonlarına dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı; bu kəndlərin sayı 135.000-ə çatan əhalisi ermənilər tərəfindən qırılmış və aclıqdan həlak olmuş, bir hissəsi isə Türkiyə qoşunlarının tutduqları yerlərə köçmüşdür.

Bu sətirləri oxuyarkən Zaqafqaziyadakı vəziyyətlə tanış olmayan oxucu heyrətə düşə bilər. Sistematik olaraq günbəgün, xüsusən də xarici mətbuatda guya müsəlmanların yazıq və müdafiəsiz erməni xristian xalqı üzərində törətdikləri zorakılıqlar haqqında barbar-bağırırdılar və birdən bəlli olur ki, zorakılıq müsəlmanlar tərəfindən ermənilər üzərində deyil, tərsinə törədilmişdir.

Zaqafqaziya xalqlarının həyatı ilə tanış olmayan hər kəs üçün göstərilən təzahürat ermənilərin siyasi həyatında rəhbər rol oynayan "Daşnaksütyun" partiyasının Zaqafqaziya müsəlmanlarına münasibətdə yürütdüyü siyasətin məntiqi nəticəsi olmaqla, xüsusi heç nəyi göstərmir. Onun siyasəti Zaqafqaziya müsəlmanlarına münasibətdə həmişə düşmənçiliklə, davakarlıqla dolu olub.

"Bizim ictimai-mənəvi oriyentasiyamız indiyədək belə olub ki, biz öz müsəlman qonşularımızdan qapalı, əlahiddə həyat yaşamışıq və onlarla aramızda dostanə qonşuluq münasibətləri qurmağa çalışmamışıq. Bizim ziyalılar, xüsusən də bizim milli siyasətimizin başında duranlar bizim xalqda, bizim demokratiyada türklərə, müsəlman xalqlarına düşmən münasibəti oyatmaqdan, onlara münasibətdə davakar siyasət yürüdülməsindən ötrü böyük zəhmətlər çəkiblər".

Bunu məşhur erməni qəzeti "Mşak" pasxa nömrəsində yazır. Bizim fikirlərimizi təsdiqləyən olduqca qiymətli etirafdır.

Zaqafqaziya müsəlmanlarına münasibətdə davakar siyasət üçün, onlarla düşmənçilik üçün ermənilərin əlində hansı əsaslar vardı? Bəlkə müsəlmanların diyarın ictimai həyatında rəhbər rolu, onların iqtisadi zorakılığı, onların erməniləri əsarət altına almaq cəhdləri, onları dənizdən-dənizə Böyük Ermənistan yaradılmasına əngəl törətmək cəhdləri? Belə bir şey yoxdur. Erməni milləti qədimdən bəri rus çarlarının xüsusi hüsn-rəğbətini görüblər. Bu da başa düşüləndir. Müsəlman şərqinə doğru sürətlə irəliləyərkən çarizm erməniləri təbii müttəfiq gözündə görmüşdür. Rus himayədarlığı altında ermənilər iqtisadi cəhətdən inkişaf etdilər, mədəni baxımdan möhkəmləndilər və təşkilatlandılar. Özlərini yetərincə qüdrətli hiss etdikdə daşnaksakanlar öz nəzərlərini Türkiyə Ermənistanına yönəltdilər və Türkiyə ermənilərinə onların müstəqilliyinə nail olmaq məqsədi ilə fəal yardım göstərməyə başladılar. Buna nail olmaq, xristian əhalini müdafiə bəhanəsi altında Türkiyənin daxili işlərinə Avropa dövlətlərinin qarışması səbəbincə asan görünürdü. Bu zəmində türklərə qarşı yaranmış düşmən münasibət türklərlə eyni xalqı təşkil edən Zaqafqaziya müsəlmanlarının üzərinə köçürüldü. İrəvan, Gəncə və digər xanlıqların Rusiya imperiyasının birləşdirilməsindən sonra Zaqafqaziya müsəlmanları siyasi xarakterli mülahizələr üzündən bərabər hüquqlu vətəndaşlıq almadılar. Müsəlmanların hüquqi məhdudiyyətləri o dərəcədə bəllidir ki, geniş söz açmağa dəyməz. Bununla birlikdə müsəlmanlar arasında maarifin yayılmasına hər cür əngəllər törədilirdi. Müsəlmanların təşkilat qurmağa hər hansı cəhdi, hətta onların maarifçilik fəaliyyətinə can atmalarında separatizm və panislamizm təzahürü görürdülər, buna həmin daşnaksakanlar da xeyli rəvac verirdilər. İqtisadi cəhətdən zəif, ikinci dərəcəli vətəndaş kimi aşağılanan, kifayət qədər intellektual qüvvəyə malik olmayan Zaqafqaziya müsəlmanları diyarda heç bir rol oynamırdılar və ermənilərə onların çoxdan həsrətində olduqları məqsədə - Böyük Ermənistanın yaradılmasına istəsələr belə heç bir maneçilik törədə bilməzdilər.

Türkiyənin Avropa müharibəsində iştirak etməyə başlamasında daşnaksakanlar onların həsrətində olduqları məqsədi yaxın zamanda həyata keçirmək imkanı gördülər. Lakin Böyük Ermənistanın yaradılması etnik baxımdan təmiz ərazilərin yaradılmasını tələb edirdi. Odur ki, əvvəlcə Qarsda və Qars vilayətində, ardınca isə Türkiyə hüdudları daxilində Kiçik Asiya ərazisindəki Rusiya vilayətlərinə irəliləməklə müsəlman əhalinin sistematik şəkildə qırğına verilməsinə başlanıldı. Bu qırğınların xarakteri və ölçüləri haqqında hücum edən türklərin gözü qarşısında Ərzirincanda, Ərzurumda, Qarsda və digər yerlərdə erməni qoşun hisələrinin törətdikləri dəhşətlərə əsasən mühakimə yürütmək olar. Rus qoşunlarının çıxıb getməsi ilə bağlı olaraq torpaq ermənilərin ayağının altından qaçanda elə gəlirdi ki, daşnaksakanlar Zaqafqaziya müsəlmanlarına dair öz siyasətlərini, öz münasibətlərini yenidən gözdən keçirməli, onlarla mehriban qonşuluq münasibətləri yaratmağa çalışmalıdırlar. Bunun əvəzinə əvvəlki siyasət yürüdülməkdə davam edir. Ruslar getdilər, ingilislər uzaqda deyil. Erməni qoşun hissələri cəbhəyə yollanmaq əvəzinə, İrəvan quberniyası hüdudlarında ləngiyirlər və top atəşləri ilə yüzlərcə müsəlman kəndini dağıdıb, zorakılıqla təmizlənmiş bu ərazilərdə qaçqın erməniləri yerləşdirirlər. Nəhəng Sürməli qəzası müsəlman əhalidən təmizlənir. Naxçıvan şəhəri dağıntıya məruz qoyulur. Bakıda müsəlman əhalinin öz dəhşətlərinə görə, indiyədək bəlli olan qırğınları arxada qoyan nəhəng qırğını təşkil edilir. Partiyasına və zümrəsinə fərq qoyulmadan 6000-dən çox müsəlman öldürülür. Uşaqlar və qadınlar qırğına verilir, bütöv məhəllələr alova bürünür. Şamaxı qəzasına cəza ekspedisiyası göndərilir; Şamaxı və onlarca kənd oddan və qılıncdan keçirilir, əhalisi isə doğranır. Belə zorakılıqlar Bakı quberniyasının digər yerlərində də törədilir.

Bununla, eyni zamanda daşnaksakanlar müsəlmanların erməniləri qırğına məruz qoymaları barədə dünyanın hər yerinə teleqramlar vururlar. Hətta son vaxtlar öz hərbi qüvvələrini yaratmağa macal tapmayan Zaqafqaziya müsəlmanlarının müdafiəsinə cənab Qegeçkori və Ko. sayəsində onların doğma qardaşları türklər gələndə gözlərini qan örtmüş daşnaksakanlar heç cür sakitləşmədilər. Azərbaycanı, onun paytaxtından - Bakıdan məhrum etməkdən ötrü hər cür tədbirlərə əl atmalarını bir kənara qoyaq, Azərbaycana mənsubiyyəti heç bir erməni siyasətçisi tərəfindən etirazla qarşılanmayan ərazidə "Qarabağ (Şuşa) Respublikası" yaradılır. Azərbaycanın ərazilərinin digər şübhə doğurmayan hissələrinə müəyyən hərəkətlərlə möhkəmləndirilən iddialar səslənir, silah götürməyə qadir bütün ermənilər səfərbər olunur və türklərin Bakı altında uğursuzluğa məruz qaldıqları təqdirdə müsəlman əhaliyə hücum etməkdən ötrü müəyyən məntəqələrdə cəmləşdirilir.

İndi daşnaksakanların başlıca ümid yeri - Bakı uduzulduğu və ermənilərə qədim müsəlman xanlığının mərkəzi olan İrəvan şəhəri, yeri gəlmişkən, müsəlmanlardan təmamilə təmizlənmişdir, ürək ağrısı ilə güzəştə gedildiyi bir zamanda daşnaksakanlar onlar üçün nə qədər çətin olsa da, Zaqafqaziya müsəlmanlarına düşmənçilik münasibətlərini unudaraq onlarla mehriban qonşuluq münasibətləri qurmağa çalışmalı, bir çox ümumi maraqlara malik olan, son zamanların kədərli hadisələrinin vurduğu yaraları sağaltmaqdan ötrü qarşılarında çoxlu işlər duran bu iki qonşu xalq arasında nifaq doğura biləcək hər şeydən qaçmalıdırlar.

N14, 21/8 oktyabr 1918-ci il.

Adam oğurluğu ilə məşğul olan quldur şaykasının məşhur başçısı T.Amirov "sosialist" ordusunun başında duraraq Bakıda altı minədək müdafiəsiz yoxsul müsəlmanı qılıncdan keçirdikdən, Martınovun araq yoldaşı rəzil və düdəmə Stepa Lalayev isə daşnaksakanlar (onlar da "sosialist" idi) bandasının başında bir sıra məhəllələri müsəlman ziyalılarından təmizləyəndə, onları evdən dartıb çıxararaq küçədə güllələyəndən sonra Şaumyan və onun kimi "demokratiya rəhbərləri", yəqin ki, bunu öz komandirləri üçün son dərəcə parlaq staj gördülər və Amirov və Lalayev "əksinqilabçılarla" mübarizə üçün seçmə daşnaksakanlar dəstəsi ilə Şamaxıya təyinat aldılar.

Şamaxı "əksinqilabçıları" ilə nə baş verdiyini bilmirik, lakin onu bilirik ki, başda "sosialistlər" Amirov və Lalayev olmaqla, "qırmızı sosialist" dəstəsi bütün Şamaxının müsəlman əhalisini qılıncdan keçirdi və 40 kəndi dağıtdı. Lalayevin Şamaxı müsəlmanları üzərində törətdiyi vəhşiliklər bizim bu müharibə ərzində görlüklərimizin qarşısında heç nədir.

Törədilmiş müsibətlər o dərəcədə dəhşətli idi ki, onlar, daşnaksakan bandalarının bütün digər əməlləri kimi gizli qala bilməzdi. Onun barəsində danışmağa başladılar və hətta bolşevik orqanlarında Şamaxıdan bir məruzə dərc edildi və burada Lalayevin mənfur əməlləri belə bir cümlə ilə ifadə olundu: "...Və dinc əhaliyə münasibətdə bəzi ədalətsizliklərə yol verilmişdir". Müsəlman əhalinin ucdantutma qırğına verilməsi, hamilə qadınların qarnının yırtılması, qızlar üzərində müdhiş təcavüzlər, onların diri-diri məscidlərə doldurularaq yandırılması və sair - bütün bunlar daşnaksakanlar tərəfindən "bəzi ədalətsizliklər" adlanır.

Nə qədər çalışsalar da, zirək Şaumyanın hökuməti Şamaxıda törədilmiş vəhşilikləri ört-basdır edə bilmədi. Əvvəlcə ermənilərlə müştərək hərəkət edən molokanlar Vermişev və Şaumyanın geniş düşündükləri və bicliklə həyata keçirdikləri fitnəkarlıqdan, eləcə də Muğan hadisələrindən sonra onlardan yaxalarını kənar çəkməyə və erməni vəhşiliklərinə qarşı etiraz qətnamələri çıxarmağa başladılar. Bunun ardınca quberniya komissarı başda olmaqla, oraya gedən komissiya vəhşiliklərin mənzərəsini tamamladı. İctimai rəyi sakitləşdirməkdən ötrü Kojemyako başda olmaqla, fövqəladə hərbi istintaq komissiyası yaradıldı və komissiya üzvlərindən biri müsəlman təyin edildi. Və beləliklə, komissiya işləməyə başladı. Onun işinin nəticəsi dinc əhalinin qılıncdan keçirilməsi və şəhərin yandırılmasının təşkilatçısı kimi S.Lalayevə qarşı ittiham aktı oldu. Bu cinayətkarı həbs etmək lazım idi. Lakin bəlli oldu ki, Bakı "sosialist"lərinin əli daşnaksakan banditlərinə "çatmır"...

Kojemyako S.Lalayevi komissiyaya çağıranda və ona həbs edildiyini elan edəndə o hamını söyərək Şaumyana zəng vurdu. O isə, Kojemyakonu aparata çağıraraq ona belə demişdir: "Lalayevi həbs etmək münasib deyil, bu nə oyundur çıxarırsan?" "Demokratiyanın ideya rəhbəri" bu sözlərlə cinayətkara qahmar çıxdı və Lalayev heç bir şey olmamış kimi daşnaksakanlar bürosundan göndərilmiş öz şəxsi mühafizəçilərinin müşayiəti ilə Velikoknyajski prospektinə əyləncələrə getdi. Bəs məhkəmə? Üstündən 3-4 gün keçmiş qəzetlərdə belə bir məlumat getdi ki, fövqəladə hərbi istintaq komissiyası buraxılmışdır...D

21 (8) oktyabr 1918-ci il.

QARIŞIQ GÜNLƏRDƏ QARABAĞIN VƏZİYYƏTİ

Bəlli olduğu kimi artıq Məhərrəm ayının 1-də türklər bir güllə atmadan belə Şuşanı tutdular, özü də ermənilər tərəfindən heç bir müqavimət göstərilmədən. Bunu heç kəs gözləmirdi. Əksinə düşünürdülər ki, güclü müqavimət və qan tökülməsi labüddür.

Şuşanın götürülməsinin nə üçün dincliklə və rahatca müşayiət olunduğunu başa düşməkdən ötrü yerli şəraitlə və ermənilərlə müsəlmanların qarşılıqlı münasibətləri ilə tanış olmaq gərəkdir. Xəzər dənizindən Qərbə doğru, Muğan və Mil düzlərini özündə birləşdirən nəhəng düzənlik Qarabağ dağları ilə qurtarır. Bu dağlar Şuşa şəhərini əhatə edir və onun arasından şəhərə iki şosse yolu gedir. Birincisi, Ağdamdan, ikincisi Gorus və Zəngəzur qəzasından. Ağdam şossesində şəhərdən 38 verst aralı bütün ətrafı nəzarətdə saxlayan qədim Əsgəran qalası yerləşir və bu məntəqəni tutmaqla Şuşa ilə əlaqələri tamam kəsmək mümkündür. Gorus yolunda Əsgəran kimi xüsusi bir istehkam məntəqəsi olmasa da, bu yolda da Yarma keçidini tutmaqla bir neçə silahlı adam şəhəri ətraf aləmdən ayıra bilər.

Şuşanın sayı 40 minə çatan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Şəhər hər tərəfdən 12 erməni kəndi ilə əhatə olunub. Onların arasında yalnız bir müsəlman kəndi olan Malıbəyli sığınıb.

Qarabağda anarxiyaların lap əvvəllində Qarabağ erməniləri hər hansı fəallıq göstərmədilər və hadisələrdən kənarda qaldılar. Üç Qafqaz respublikası yaradılanda onlar heç birini tanımadan müstəqil "Qarabağ Respublikası" yaratmaq istədilər və faktik olaraq öz niyyətlərini həyata keçirdilər. Lakin müsəlmanlar bu dövləti tanımadılar və bunun sayəsində müsəlmanlar və ermənilər arasında münasibətlər pisləşdi və hər dəqiqə qanlı toqquşmaları gözləmək olardı. Ermənilərin müsəlmanları öz tərəflərinə çəkəməyə göstərdikləri bütün səylər boşa çıxdı. Bunu gördükdə onlar daha canfəşanlıqla hərəkətə keçmək qərarına gəldilər. Bu məqsədlə onlar Əsgəranın Ağdam ilə əlaqəsini kəsdilər. Son 4 ay ərzində şəhərə ərzaq daxil olmurdu. Karyagindən və Xəlfəlidən gələn cığırlar da kəsilmişdi. Şəhərdən çıxmağa çalışanları öldürürdülər.

Şuşada Andranik və Şahnazaryanın qoşunlarının tezliklə gələcəyi barədə şayiələr dolaşırdı. Ermənilərin həyasızlığı genişlənirdi. Onlar nəinki kəndliləri, hətta şəhər əhalisini sıxışdırırdılar. Özləri dişlərinədək silahlanmış halda şəhərin müsəlman hissəsinə gəlir, amma erməni hissəsinə keçməyə risq edən müsəlmanlar yoxlanır və silahları əllərindən alınırdı. Beləliklə, əhali yeni məhsulu toplamaq imkanından məhrum edilir və keçənilki, yeri gəlmişkən, kasad məhsulun qalıqlarından qidalanmağa məcbur olurdu. Aclıq başlanmışdı. Mən artıq əvvəlcə dedim ki, ermənilər qışda müsəlmanları "Qarabağ Respublikası"nı tanımağa məcbur etmək istəmişdilər; lakin onların arasında sözünü hündürdən deməyə cəsarət etməyən, bu məsələnin dinc yolla həllini tapmasında təkid edən kiçik bir qrup vardı. Bu qrup gizli işləyirdi.

Ermənilərin başı "Qarabağ Respublikası"nın yaradılmasına qarışdığı vaxtda minbaşı Həsən Bəsri bəy, Fəxri bəy və Kazım bəy - birincisi Şuşanın, ikincisi - Ağdamın, üçüncüsü Karyaginin komendatları təyin edildilər.

Lakin ermənilər nəinki təyin edilmiş komendantları tanıdılar, heç onlar barədə eşitmək belə istəmədilər. Bununla bağlı olaraq ermənilərlə hər hansı münasibət birdəfəlik kəsildi. Müsəlmanların tərk etdikləri bütün hökumət idarələri bir müddət fəaliyyətini davam etdirdi, lakin sonra bağlandılar. Ermənilər milli qurultay çağıraraq iki həftə iclas etdilər. Qurultay Şuşa şəhər ermənilərinin tutduğu mövqeyi bəyəndi və onlara eyni ruhda - "Qarabağ Respublikası"nı elan edərək inzibati vəzifələri bölüşdürməklə, işləməyi davam etdirməyi təklif etdi. Bu qurultayda ermənilərin gerçək siyasi fizionomiyaları müəyyənləşdi və aydınlaşdı. Bu qurultayadək ermənilərin elan etdikləri sosializm, qardaşlıq, ədalət və sair şüarlar unuduldu. Səhnədə daşnakların dar çevrəli millətçiliyi qaldı. Hökumət yalnız daşnaksakanlardan təşkil edildi və o müsəlmanları güclə tabe etməkdən ötrü Andranikin və Şahnazarovun gəlişini gözləməyə başladılar.

(davamı var)

Q.Xəlil İbrahim

N16, 23 (10) oktyabr 1918-ci il.

QARIŞIQ GÜNLƏRDƏ QARABAĞIN VƏZİYYƏTİ (davamı, bax. N 14)

Qarabağdakı vəziyyəti təsvir edən əvvəlki nömrələrimizin birində biz ermənilərin tutduğu mövqeyi təfsilatı ilə aydınlaşdırmışdıq. Bu gün biz Qarabağ müsəlmanlarının əhval-ruhiyyəsini və işlərinin mənzərəsini verməyə çalışacağıq. Hələ şəhər komendantı Həsən Bəsri bəyin gəlişinədək Şuşa müsəlmanları ermənilərin silahlanmasını və hazırlıqlarını görərək onlar da öz tərəflərindən hazırlaşmağa başladılar, çünki hər gün silahlı toqquşmanı gözləmək olardı. Bu məqsədlə şəhərdə müsəlmanlar tərəfindən 4 könüllü dəstə yaradıldı. Silah götürməyə qabil olan 15 yaşından 60 yaşınadək kişilər siyahıya alındılar. Gənclər döyüş dəstələrinə daxil edildilər, yaşı 45-dən yuxarı olanlar isə ehtiyatda idilər və xüsusi zərurət olduqda gəlməli idilər. Əhalini silahlandırmaq üçün 14 komitə yaradalmışdı, özü də bu komitələr öz sahəsi üçün hər kəsi siyahıya alır, silah almaq və kasıbları silahlandırmaq üçün pul toplayırdı. Beləliklə, hamı - varlılar və kasıblar sialhlanmışdılar. Böyük miqdarda silah və patron ehtiyatı görülmüşdü. Bundan başqa, şəhərin erməni və tatar hissəsi arasında sərhəd möhkəmləndirilmiş, səngərlər qazılmışdır. Sərhəddə yerləşən evlər müdafiə üçün uyğunlaşdırılmış, pəncərələr hörülmüş və divarlarda güllə atmaq üçün yerlər açılmışdır. Hər bir kəsə döyüş zamanı tutacağı yer əvvəlcədən göstərilmiş, ehtiyatlar müəyyənləşdirilmiş, patron və çörəklə təchizat şöbəsi təşkil edilmişdir. Bir sözlə, bütün lazımi tədbirlər görülür, heç bir xırda məsələ gözdən qaçırılmırdı. Cavanlardan ibarət patrul gecə-gündüz səngərlərdə növbə çəkirdi. Şəhərin yoxsulları da yaddan çıxarılmamışdır, varlılar arasından toplanmış pullardan onlar üçün də taxıl alınmış, ondan çörək bişirilir və bir funt 50 qəpikdən satılırdı.

Beləilklə, şəhərin əhalisi mümkün olan hər şeyi edirdi, lakin ilk vaxtlar bəzi səhvlərə yol verilmişdi. Onları tezliklə gördülər və aradan qaldırmağa çalışırdılar. Beləliklə, müsəlmanların ümumi səfərbərliyi elan edildi, Şuşada olan zabitlərin rəhbərliyi altında cavanlar hərbi təlim keçməyə başladılar, qərərgah təşkil edildi. Təlim keçmiş gənclər evə buraxıldılar, yalnız onların bir qismi daimi qoşun kimi kazarmalarda qalırdılar. Məktəbdə oxuyan 50 nəfər gənc təcili olaraq açılmış hərbi məktəbə yazılmışdılar. Burada onlar səhər saat 9-dan 12-dək və 4-dən 6-dək kavaleriya və piyada təlimi keçirdilər. Eyni zamanda zabitlərin rəhbərliyi altında səngərlər qazılır, şəhərin bir tərəfindən, o biri tərəfinə yeraltı yollar çəkilirdi. Trapejlərin müdafiəsi üçün blindajlar qurulurdu.

Ətrafdakı erməni kəndləri tərəfindən qəfil hücum halı üçün şəhərin bütün müsəlman hissəsi dörd tərəfdən səngərlərlə müdafiə olunmuşdur. Şəhərin ən hündür yeri olan Üçmıxda da səngərlər qazılmışdır. Bir günün içində dağın zirvəsində dərin xəndək və səngərlər qazıldı. Bütün bunlar ermənilər tərəfindən narazılıq doğurdu və onlar bu mövqeləri təmizləməyi tələb etdilər. Bu məsələ birtəhər yoluna qoyuldu. Şəhərdən 2,5 verst şimalda Dovtələb yüksəkliyi yerləşir. 20-33 nəfərlik qüvvə ilə bu zirvəni ələ keçirib, düşmənin Xəlfəli, Xankəndi, Malıbəyli və Karyaginlə əlaqəsini kəsmək oraya bir nəfəri belə buraxmamaq olardı. Müsəlmanlar bu məntəqənin əhəmiyyətini vaxtında gördülər və kiçik bir dəstə ilə oranı tutdular. Bütün döyüş qüvvəsi ayrıca şəxsin komandası altında bir neçə sahə arasında bölündü. Belə sahələrin rəislərinin köməkçiləri vardı. Və onlar hər gün öz dəstələri ilə səngərlərdə karaul xidməti növbəsində olurdular. Bütün bu hazırlıqlara baxmayaraq, müsəlmanlar ara müharibəsini heç də istəmirdilər. Müsəlmanların səngər qazmaları, səfərbərlik, silahlanmaları və sair - bütün bunlar ermənilərin birinci olaraq sürətlə silhalanmağa və müharibəyə hazırlaşmağa başlamasından sonra oldu. Və beləliklə müsəlmanlar istər-istəməz, özlərini qoruyub saxlamaq hissindən irəli gəlməklə, kiçik miqyasda olsa da, onların timsalında hərəkət etməli idilər.

Q.Xəlil İbrahim (davamı var)

N20 (15) oktyabr 1918-ci il.

QARIŞIQ GÜNLƏRDƏ QARABAĞIN VƏZİYYƏTİ

(davamı)

Əhalini müharibəyə hazırlamaq və bununla, eyni zamanda onları fəal çıxışlardan çəkindirmək o qədər də asan deyildi. Bu məsul vəzifəni yalnız hansısa bir ictimai təşkilat üzərinə götürə bilərdi. Belələri camaat arasında mövcud idi və demək olar bütün sahələrdə işləyirdi.

Şəhərin mühasirəyə hazırlandığı vaxt Qarabağın hər yerində tif epidemiyası tüğyan edirdi. Gündə 30-40 adam ölürdü... "Müdafiyəyi-millət" partiyası tərəfindən 12.000 rubl məbləğində ictimai vəsat hesabına hospital açılmışdı.

Dörd sutka ərzindjə döyüş getdi. Döyüş yerlərindən gələn xəbərlərlə bağlı olaraq şəhərdə həyəcanlı vəziyyət yaranırdı və qanlı toqquşmaya keçməklə hədələyirdi. Beynəlmiləl komitə bu dəfə də ictimai rəyi sakitləşdirə bildi. Qaçqınların bir hissəsi bunun sayəsində buraxıldı və şəhərə, qalanları isə kəndlərə qaytarıldı. Ən böyük xidməti bu komitə türklərin gəlişi ərəfəsindəki son günlərdə göstərdi. Lakin bu barədə bir az sonra. İndi isə Şuşa müsəlmanlarının ətraf aləmlə necə əlaqə saxladıqları barədə danışmaq istəyirəm.

Şəhər ətraf aləmdən ayrı salınmışdı. Onun hüdudlarından kənarda nələrin baş verdiyi barədə məlumat yox idi. Biz məhbuslar sayaq bir məchulluq içində idik. Əlaqə saxlamağın yeganə və son dərəcə çətin üsulu - dağ cığırları idi. Bu yollardan istifadə etmək lazım gəldi. Bu cığırları yaxşı bilən 3 adam - Abdal Qasım, Gülablı Baydar və Dəli Dəmir. Məktubları və məlumatları çatdırmağı öhdələriinə götürdülər. Birincisi molokan kəndindən, ikincisi Ağdamdan keçirdi.

Beləliklə, şəhər mühasirəyə alındı, heç bir yerdən bir funt çörək daxil olmurdu. Yerli ehtiyat gündən-günə azalır, artıq hamı çörəyi bazardan almağa məcbur olurdu. Şəhərdə ilişib qalmış mülkədarlar öz kəndlərinə gedə və bu ilin məhsullarından nəsə gətirə bilmirdilər. Bir neçə dəfə müsəlmanlardan və ermənilərdən nümayəndə heyətləri yolun açılmasına dair danışıqlar aparmaq üçün Əskərana getdilər. Ermənilər "yol açıqdır, sərbəst gedib-gələ bilərsiniz" desələr də, kim buna risk edirdisə, onu dərhal öldürürdülər.

Ərzaq, meyvə və tərəvəzin yoxluğu bir yana, vəziyyəti mürəkkəbləşdirən bir də o idi ki, ermənilər şəhərin suyunu öz tərəflərinə götürür və müsəlman hissəsini susuz qoyurdular. Silahlı adamları su üçün şəhər yaxınlığındakı bulaqlara göndərmək lazım gəlirdi. Erməni kənd adamları burada tez-tez onlara atəş açırdılar. Şəhərə su həyat üçün qorxulu bir şəkildə, özü də çox məhdud miqdarda bax bu şəkildə gətirilirdi.

Bahalıq baş alıb gedirdi. Bəzi ilkin tələbat mallarını nə qiymətə olsa belə, tapmaq mümkün deyildi. Müsəlmanların əhval-ruhiyyəsi pisdir. Bu bir yana, məlumatlar gəlir ki, Andranikin və Şahnazaryanın qoşunları yaxınlaşır. Ermənilərin həyasızlığı və özbagınalığı daha da artır. Müsəlmanlar dilə gəlib deyirlər ki, yaxşısı budur döyüş baş versin, onlar bu zülmdən xidas olar və döyüş meydanında ölərlər. Onların daha dözməyə taqətləri qalmayıb. Şəhərin komendantı Həsən Bəsri bəy əhalini sakitləşdirir və daha bir qədər dözməyi rica edir.

Erməni qoşunlarının gəlişinin gözlənildiyi bir vaxtda Bakının türklər tərəfindən alındığı xəbəri gəlir. Bütün bu müddət ərzində müsəlmanlar ilk dəfə ruhlanırlar və Qurban bayramını böyük bir təntənə ilə qeyd edirlər. Şuşanın həyatında belə xoşbəxt bir gün olmamışdı. Hər yeri xalçalarla bəzədilər, şəhərdə gəzintilər oldu. Hər yerdə canlanma və şənlik hökm sürürdü.

Bu xəbər müsəlman əhalinin əhvali-ruhiyyəsini qaldırdı və onlarda tezliklə nicat tapacaqlarına ümid oyatdı. Ermənilər bu xəbərə çox inamsızlıqla yanaşdılar, lakin kefləri tamam korlanmışdı. İki gündən sonra Şahnazaryanın yaxınlaşdığı barədə şayiələr yenidən gücləndi və hətta deyirdilər ki, onun qoşunları şəhərin 20 verstliyindəki Zabıx kəndinə çatıb.

Müsəlmanlar, beynəlmiləl komitənin üzvləri onların şəhərə girməsinə yol verməmək, ətraf kəndlərdə yerləşdirməkdən ötrü var qüvvələrini əsirgəmir və hətta imkanları çatan köməyi göstərəcəklərini vəd edirdilər. Əksinə, ermənilər Şahnazaryanın və onun qoşunlarının tezliklə gəlib çıxmasına hər cür vasitələrlə yamanca çalışırdılar.

Ona arabalar, atlar və digər daşıma vasitələri göndərirdilər. Ermənilərin əhval-ruhiyyəsi yüksəlmişdi. İkinci gecə səhərə yaxın şəhərin erməni hissəsində güllə səsləri gəlməyə başladı. Həyəcan qalxdı: müsəlmanlar evlərindən çıxdılar və hər kəs onun üçün nəzərdə tutulmuş səngərə gəldi. Lakin vəziyyət aydınlaşanadək atəş açmamaq əmri verildi. Bu vaxt ermənilərin səngərlərindən səslər gəldi: "Müsəlmanlar, biz sizə atəş açmırıq, sizinlə dava etməya hazırlaşmırıq".

Məsələ belə imiş. Artıq deyildiyi kimi, Şahnazaryanın qoşunu Zabıxa gəlib və oradan şəhərə girmək niyyəti varmış. Zabıxla qonşuluqda Qaladərəsi adlı böyük bir kənd var, əla müdafiə məntəqəsidir. Ermənilərin hazırladıqları plana görə Şahnazaryanın qoşunu və şəhərdən gələn erməni dəstələri burada birləşməli və ətrafdakı müsəlman kəndlərini məhv etdikdən sonra Şuşaya doğru hərəkət etməli imişlər. Lakin şəhərin ətrafında olan atlı kürdlər və dağlı tayfalar Şahnazaryanın məktubla göndərdiyi ermənini tuturlar, burada həmin plan şərh olunubmuş və beləliklə, ermənilərin niyyətini öyrənərək müharibəni bir gün əvvəl başlamış və şəhərdən dəstələrin gəlməsinə imkan verməyərək Şahnazaryanın dəstəsini darmadağın etmişlər. Onun dəstəsi dörd bir yana dağılıb, şəhərdən ona gələn kömək isə qorxudan dalına baxmadan geri qaçıb. Bir hissəsi şəhərə qayıdıb. Və bu qayıdıb gələnləri Şuşa erməniləri atəşə tutublar - elə biliblər, müsəlmanlardır, hücum edirlər...

Q.Xəlil İbrahim.

(davamı var)

N 24 1 noyabr (10 okt.) 1918-ci il.

QARIŞIQ GÜNLƏRDƏ QARABAĞIN VƏZİYYƏTİ

Şəhərdə son günlər bir əsəbilik duyulurdu: hər dəqiqə şəhərdə ixtişaşlar və toqquşmalar gözlənilirdi. Xalq aclıq çəkirdi. Aclıq çəkən əhalinin bir qismi ermənilərlə döyüşdən sonra yolun açılacağına ümid edərək döyüşə girməyi və yolu açmağı təklif edirdi. Əhalinin digər qismi isə təkid edirdi ki, özü üçün böyük ərzaq ehtiyatı görmüş varlıların evində axtarışlar aparılsın. Hər iki qərar labüdən qan tökülməsinə gətirib çıxaracaqdı. Xalq o qədər ümidsizləşmişdi ki, hətta əskərlərin Ağdama gəlişi barədə yenidən yayılan şayiələrə inanmırdı.

Bu böhranlı anlarda İsmayıl Həqqi bəyin Ağdama nümayəndələr göndərmək tələbi barədə ermənilərə məktubu şəhərə çatdırıldı. 5 nümayəndə göndərildi. Ertəsi gün onlardan iki nəfəri Şuşaya gəldi və xəbər gətirdi ki, onların o biri üç nəfəri Ağdamda saxlanılıb. Onlar isə şəhərin dərhal türklərə təslim edilməsi tələbi ilə şəhərə göndəriliblər. Eyni məzmunda məktub Şuşa komendantına da ünvanlanmışdı.

Bu məsələnin həlli üçün ermənilər müşavirə çağırdılar, burada çoxlu mübahisələr və fikir ayrılıqları oldu. Beş gün ərzində onlar cavab verməyi ləngidirdilər.

Şəhərin müsəlmanları isə türklərin tezliklə gələcəklərindən xəbər tutub tələsik xilaskarları təntənəli sürətdə qarşılamağa hazırlaşdılar. Şəhərin girişində zəfər tağı düzəldildi. Belə bir tağ Meydana gedən yolda bazarın başında Şah körpüsündə və bir çox digər yerlərdə qurludu.

Ermənilər isə hələ də heç bir qərar çıxarmamışdılar. Nəhayət, 5-ci gün axşam saat 9-da ermənilər - Beynəlmiləl Komitənin üzvləri bəyanatla gəldilər ki, tabe olurlar. Altıncı gün Ağdamda saxlanmış üç erməni nümayəndə gəlib çıxdı və bəyan etdilər ki, onlara 24 saat ərzində şəhəri təslim etmək təklif olunmuşdur. Həmin gün bir neçə erməni özləri ilə bir əldəqayırma top, bir pulemyot və 80 tüfəng gətirərək şəhər komendantının yanına gələrək bildirdilər ki, təslim olurlar və Azərbaycan dövlətinin hökumətini tanıyırlar.

Ertəsi gün Ağdama İsmayıl Həqqi bəy və Cəmil Cihad bəyin yanına bu xəbərlə bir qasid göndərildi.

Həmin gündən ermənilər türklərin gəlişi münasibəti ilə erməni hissəsini bəzədilər; beynəlmiləl komitənin qarşısında, eləcə də şəhərin girişində arka qurdular.

Qarşılamanın təşkilini və bunun xərclərini Müsəlman Milli Komitəsi öz üzərinə götürdü. Əhalinin istəyincə Gövhər Ağa məscidində bu məqsəd üçün 20.000 rubl pul toplanıldı.

Bundan başqa, yerli bəylərdən biri bir gün ərzində türklərin qəbulu üzrə bütün xərcləri öz öhdəsinə götürmüşdü.

Üç gündən sonra türklərin ordusu şəhərə yaxınlaşdı. Ləngiməyə səbəb o olmuşdu ki, Əsgəran yaxınlığında dağın yamacında yerləşmiş erməni kəndləri qoşunlara müqavimət göstərmiş və onu ləngitmişdi. Kəndlər bunlardır: Xoramurd, Xanabad, Daşbaş, Aranzəmin, Kenik, Ağbulaq, Qarakənd və bəzi digərləri. Xaçınçayın üstündəki kənddə də müqavimət göstərilmişdi. Burada da Ağdam qoşunları böyük rəşadət və igidlik göstərmişdilər.

Q.Xəlil İbrahim.

N 1, çərşənbə, 1 yanvar 1919-cu il.

Ermənistan Respublikasının Gürcüstandakı müvəqqəti işlər vəkilinin Azərbaycan Respublikasının diplomatik nümayəndəsinin adına 17 avqust 1918-ci il tarixli, 401 nömrəli təliqənin surəti.

General Andranikin dəstəsinin Azərbaycan Respublikasının hüdudlarına müdaxiləsi haqqında sizin 15 avqust tarixli 461 nömrəli təliqənizi aldığımı və onun mənim hökumətimə göndərdiyimi təsdiq etməklə, öz tərəfimdən bəyan etməyi şərəf bilirəm ki, general Andranik özü və onun bütün dəstəsi əlahiddə erməni korpusuna dair əmrlə çoxdan erməni qoşunlarının heyətindən və tərkibindən çıxarılmışlar, bundan sonra onlar Ermənistan hakimiyyətini və onun vəzifəli şəxslərini tanımaqdan və onlara tabe olmaqdan imtina etmişlər.

Beləliklə, general Andranik və onun dəstəsinin erməni milli qoşunlarına və orqanlara heç bir aidiyyəti yoxdur, deməli Ermənistan Respublikası hökuməti də onun məsuliyyətsiz fəaliyyətinə hər hansı şəkildə cavabdeh deyil.

Ermənistan Respublikasının Gürcüstan hökuməti yanında müvəkkili Camalyan...

...Dekabrın 2-də Gülyataq erməniləri axşama yaxın Sırxavənd kəndinə basqın etmiş, 122 baş iribuynruzlu heyvan və 45 keçi aparmışlar.

Həmin banda Gülyataq, Canyataq və Kasapet ermənilərindən ibarət daha böyük dəstə ilə 2 dəfə Balaygilər kəndinə basqın etmişlər.

Ermənilərin və müsəlmanların əkinlərinin yanaşı olduğu və müsəlmanların azlıq təşkil etdikləri 3-cü polis sahəsi rayonunda şayiələr dolaşır ki, türklər çıxıb gedirlər, Andranik isə öz qoşunları ilə Şuşa tərəfdən hücum edir ki, ermənilər hər hansı real qüvvə gəlib çıxanadək müsəlmanları darmadağın etmək yolu ilə onları dağlıq zolaqdan sıxışdırıb çıxarsınlar və sonra onu Azərbaycandan qoparmaqdan ötrü faktik erməni rayonu yaratmağa macal tapsınlar.

Göstərilən rayonda bandanın başçıları bunlardır: Cavanşir qəzası 3-cü sahəsinin keçmiş xalq komissarı Karapet, Ağdərəli Apres bəy, Moses qardaşları və sair. Bu bandalarda Andranikin dəstəsindən göndərilmiş Türkiyə və İrəvan erməniləri də var.

Bu deyilənləri məlumat verərək teleqrama əlavə olaraq bildirirəm ki, erməni əhalisi özünü son dərəcə həyasız şəkildə aparır ki, bu da böyük qarışıqlıq düşməsinə gətirib çıxara bilər; müsəlmanlar qisas almaqdan çəkinərək ermənilərə qanuni təzyiq göstərilməsini və təsirli cəza verilməsini tələb edirlər.

N 5, çərşənbə axşamı, 7 yanvar 1919-cu il.

Azərbaycanın Ermənistana notası

Yerevan. Ermənistan Respublikası Xarici İşlər Nazirinə.

Məlumat alınmışdır ki, İrəvan quberniyasının müsəlmanları çoxsaylı silahlı qüvvələr tərəfindən zorakılıqlara məruz qalır, onları öldürür, talan edir, kəndlərdə və şəhərlərdə müsəlmanları tərksilah edərək zorakılıqla özlərinə tabe olmağa məcbur edirlər. Ermənilərin basqınlarına qarşı kömək barədə xahiş edirlər. Məlumatlara görə, ermənilərin təqibindən Araz çayını keçən zaman boğulmuş müsəlmanların sayı 300-ə çatır. Belə məlumatlar var ki, son zamanlar Qazax yaxınlığındakı erməni kəndlərində Ermənistan nizami qoşunlarının cəmləşməsi müşahidə edilir ki, bu da Azərbaycanın suverenliyinin pozulmasıdır. Mənim hökumətim bütün bu deyilənləri Ermənistan Respublikasının hökumətinin nəzərinə çatdırmaqla etiraz edir: birincisi, erməni qoşunlarının İrəvan quberniyası müsəlmanları üzərində törətdiyi zorakılıqlara qarşı, ikincisi, İrəvan quberniyasının müsəlman əhalidən ibarət və Azərbaycan Respublikasının ayrılmaz hissəsini təşkil edən həmin rayonlarının bu qoşunlar trəfindən tutulmasına qarşı etiraz edir. Mənim hökumətim inanır ki, iki qonşu dost respublikaların münasibətlərini pisləşdirə biləcək bu zorakılıq aktlarının və əməllərinin dayandırılması barədə müvafiq sərəncam veriləcəkdir.

Xarici işlər naziri əvəzinə Adil xan Ziyadxanov...

...Çox böyük çətinliklərlə Zəngəzur və Ordubad müsəlmanlarının nümayəndələri bəzi sənədlərlə və məruzə qeydləri ilə yanvarın 4-də Bakıya Azərbaycan hükumətinə gəlib çatmışlar.

Yol çox təhlükəlidir və Andranik bandalarının mühasirə həlqəsindən çıxmağa cəhd göstərən hər kəs öz cəsarətinə görə başını itirmək risqinə gedir. Bu nümayəndəni mühasirə edilmiş kəndlər gerçək ölümə göndərmişlər.

Bütün bu dəhşətli əməlləri törədən Andranik müsəlmanlara elan edib ki, bu törətdiklərinə görə əmri ingilislərdən alıb. (?!)

Əgər erməni quldur dəstələrinin vəhşiliklərinin qarşısını ala biləsi hər hansı qüvvə özünü çatdırmasa, bu "cəngavərlər"

Zəngəzur və İrəvan müsəlmanlarını ucdantutma qırmaqdan əl çəkməyəcəklər.

N 8, çərşənbə axşamı, 14 (1) yanvar 1919-cu il.

Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə İrəvan quberniyası müsəlmanlarının təmsilçilərindən bu ərizə verilmişdir:

"Dəqiq məlumatlara görə, Andranik erməni qaçqınları müşayiət etmək bəhanəsi altında öz dəstəsi ilə İrəvan quberniyasına - burada vuruşan erməni qoşunlarına kömək etməyə yola düşür.

Bu, İrəvan quberniyası müsəlmanları üçün böyük təhlükə törədir, bütün qaçqınlar Türkiyə təbəələridir və onları müsəlmanların yaşadığı yerlərdə məskunlaşdırmaq istəyirlər. Bunu belə bir fakt sübut edir ki, bu saat Ararat Respublikasından erməniləri müsəlmanların yaşadığı yerlərdə onların iradəsi əleyhinə silah gücü ilə yerləşdirirlər. Və bu zəmində müsəlmanlar və ermənilər arasında əsl müharibə gedir.

Ermənilər inadlı döyüşlərdən sonra, onlar üçün iki cəbhədə döyüşmək çətin olduğundan hərbi əməliyyatları müvəqqəti dayandırmış olsalar da, Gürcüstan-Ermənistan müharibəsinin dayandırılması ilə güman etmək olar ki, onlar öz yürüşlərini yenidən bərpa edəcəklər.

Buna inanan İrəvan quberniyası müsəlmanları möhkəmləndirilmiş mövqelərini qoruyur və Andraniki çətin ki, öz arxalarına buraxsınlar.

Bu çox ciddi məsələdir və ona görə də biz general Tomsonla xüsusi bir sazişin hazırlanmasına xahiş edirik. Onun əsasında erməni qoşun hissələrinin müsəlmanların yaşadığı yerlərə soxulmuş erməni qoşun hissələrini əvvəlki yerlərinə qaytarmaq, qaçqın erməniləri isə

Türkiyə Ermənistanına və ya Ararat Respublikasına keçirmək öhdəliyi; Andranikin dəstəsini isə hissə-hissə buraxmaq dayanmalıdır.

Belə bir saziş İrəvan quberniyası müsəlmanları üçün məqbul olacaq. Onları ermənilərlə bu zəmində yeni toqquşmalardan qaçmaq üçün tanış etmək olar.

* * *

Ordubad şəhəri və onun ətrafında (qəzada) müsəlmanların vəziyyəti haqqında Ordubad nümayəndələrinin hökumətə təqdim etdikləri məruzə qeydi.

Ordubad - Yelizavetpol və İrəvan quberniyalarının sərhəddində yerləşən kiçik şəhərdir, onun 6000 sakini var, dağlıq və qayalıq yerdə qərar tutub; bağları, əkin sahələri və digər torpaqları suvarma kifayət qədər olmadığından böyük hissəsi yanıb kül olur və heç də hər il məhsul vermir; ümumiyyətlə Ordubad torpağı məhsuldar deyil, ona görə də sakinlərin əksəriyyəti qazanc üçün Qafqazın müxtəlif şəhərlərinə gedirlər. Əhalinin əksəriyyəti müsəlmanlardır, ermənilər burada cəmi 200 nəfərdir. Şəhərin ətrafında yerləşən kəndlərdə ermənilər və müsəlmanlar qarışıq yaşayırlar, lakin ayrı-ayrı sırf müsəlman və erməni kəndləri var. Şəhər və ətrafındakı kəndlər ərzaq məhsullarını Naxçıvan qəzasından almağa məcburdurlar.

Rus qoşunları Qafqazı tərk etdikdən sonra qəzada anarxiya hökm sürrüdü, bizim kəndlər ermənilər tərəfindən dağıdılıb, sakinləri doğranıb və məhv edilib. Andranikin bizim yerlərdən keçib Zəngəzur qəzasına hərəkət etdiyi zaman kəndlərimizin 2/3-si dağıdılıb və sakinləri öldürülmüşdür. Andranikin arxasınca türklər gəldilər və qəzada hamı sakit yaşadı.

Türklərin Qafqazdan gedişindən sonra vəziyyətimiz əvvəlkindən də pis oldu. Tiflisə və Gəncəyə yollar bağlandı; türk zabitlərinin bizim şəhərdən getməsi ilə şəhərə ərzaq gətirilməsi dayandı, ona görə də biz 500 nəfərlik dəstəni buraxmalı və yalnız bir rota saxlamağa məcbur olduq. Çatışmazlıqlar, ümumiyyətlə bizim təşkilatı xeyli zəiflətdi. Biz bilmirik kimə tabe olaq və kimdən sərəncam alaq. Naxçıvan qəzası və Şərurun müsəlmanları da bu vəziyyətə düşüblər, ona görə də biz bir müsəlman hökuməti - Araz Respublikası yaratmaq qərarına gəldik. Əslində bu hökumət Naxçıvan və Şərur müsəlmanları tərəfindən yaradılıb və bizə də onun tərkibinə daxil olmaq təklif olunub. Gəncə ilə əlaqələrin kəsilməsi səbəbincə, eləcə də ona görə ki, Araz hökuməti Gəncə hökuməti ilə eyni istiqamətdə hərəkət etdiyindən biz öz razılığımızı bildirdik. Araz hökuməti təzəlikcə təşkil edilib və hansı formanı alacağı məlum deyil, bunun nəticəsində şəhərin və qəzanın vəziyyətini təmin etməyə lazımi tədbirləri görə bilmədi və yenidən bütün şəhərlərin öz işlərini özləri görməsini və onların müdafiəsi üçün öz qüvvələrini təşkil etməsini öz öhdələrinə buraxdı.

Son zamanlar ermənilər Zəngəzur qəzasına, bizə, Şərura və İrəvan qəzasına münasibətdə düşmənçilik hərəkətlərini yenidən büruzə verirlər; onlar bizim kəndlərə hücum edir, talançılıqlar törədir və adamları qırırlar, Zəngəzur qəzasında 20-yə qədər kənd öz doğma yurd-yuvalarını atıb İrəvana, Qarabağa və bizim şəhərə qaçıb gəlmişlər.

Bəzi kəndlərdə Ararat hökumətinin bütün Zəngəzur qəzasının bu hökumətə birləşdirildiyi haqqında elanlar asılıb.

Bununla yanaşı, onların, əgər buna qüvvələri çatarsa, Zəngəzur, Şərur, Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini kəsib-doğramaq, gələcəkdə xalqların Sülh Konfransında bu yerlərə öz hüquqlaranı sübut etmək və onları Ermənistan elan etməkdən ötrü bütün qəzaları müsəlmanlardan təmizləməyi qarşılarına məqsəd qoyublar, belə ki, bütün xalqlar müsəlmanlardan təmizlənmiş ərazilərin ermənilərə mənsubluğunu tanıyacaqlar. Bu səbəbdən ermənilər bizim sakinlərin minlərcəsini birdən doğrayırlar, qan su yerinə axır, çölləri və dağları qırmızıya boyayıb, yüzlərcə kənd yerlə-yeksan edilib, onlar biyabana çevrilir və bizim namusumuz ermənilərin ayaqları altında tapdanır. Haraya baxırsan hər yerdə müsəlman qaçqınları gözə dəyir, hər yerdə qadınların və qızların ağlar səsi eşidilir. Nə vaxtadək bizim hökumətimiz öz müsəlman qardaşlarının qırılmasına və məhv edilməsinə kənardan durub soyuqqanlılıqla baxacaq, nə vaxtadək ermənilərin yalnız müsəlmanlara qarşı yönəlmiş dağıntıları davam edəcək. Nəhayət, nə vaxt qalan xalqlara şəfqət və mərhəmətlə yanaşan amerikalılar və avropalılar bizim xalqın taleyini öz əllərinə götürəcəklər. Nə vaxt bizim qan qardaşlarımız olan Gəncə və Bakı xalqı bizim bu torpaqlarda yaşayan öz qardaşlarını yada salacaq. Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləyəcəksə, bizim xalqdan burada bir iz də qalmayacaq. O zaman bizim burada mövcudluğumuz, bizim arzu və istəklərimiz yalnız bir xəyal olacaq.

Bizim düşmənlərimiz mürgüləmir, onlar öz xalqının ideyasını gerçəkləşdirməyə və mümkün qədər tezliklə bizim diyarı Ermənistana birləşdirməyə var qüvvələri ilə çalışmaqdan ötrü bir imkanı belə əldən buraxmırlar. Onlar çalışırlar ki, Ararat dövləti Türkiyə sərhədlərindən Şuşayadək uzansın və bu məkanda bir müsəlman - türk yaşamasın, bunun üçünsə hər imkandan istfadə olunur.

Xalqların müharibəsinə son qoymuş ümumi barışıq, erməni hökumətinin hərəkətlərinə heç bir təsir göstərməyib. Bu hökumətin bandaları öz xalqlarının ideyasını gerçəkləşdirmək işinə xidmətdə davam edirlər.

Bu qədər quldurluq və talançılıq əməllərinə qarşı bizim xalq tərəfindən heç bir tədbir görülmür. Bizim xalqın bu fəaliyyətsizliyi və hökumətimiz tərəfindən fəaliyyətsizlik camaatımızın vəziyyətini daha da pisləşdirir. Millətimiz tərəfindən hər hansı bir addımın atılmasına ümidlərini itirən gənclərimiz hərə bir tərəfə qaçır. Bizim tərəfdən nəyəsə ümidlərini hamı itirmişdir. Vəziyyətimizin ümidsizliyi bizim xalqın mühitində get-gedə daha da dərinləşir və xalq arasında nə zamansa, haradasa mövcud olmuş həmin zəif qüvvəni də iflic edir. Əgər bizim bakılı qardaşlarımız tərəfindən burada törədilən özbaşınalıqlara qarşı tədbirlər görülməzsə və vəziyyətlə yerdə tanış olmaq üçün komissiya, xalqın ruhunu qaldırmaq və bizim təşkilatı dəstəkləmək üçün lazımi səydə qoşun və mülki məmurlar göndərməzsə, tezliklə hamı məhv olacaq, ölkədə hər şey talan və alt-üst ediləcək. Beləliklə, ümumi sülh bərqərar olan vaxtadək bütün əhali buradan sürgün edilmiş olacaq və sülh konfransında ərazilərin əhalinin etnrqrafik əlamətləri üzrə hüdudlanması məsələsi müzakirə ediləndə biz təbii olaraq bu yerlərlə həmişəlik vidalaşmalı olacağıq.

Bizim millətin binasının təməl daşı sayılan Gəncənin türk təşkilatlarına bu deyilən məlumatları çatdıraraq, ümumi sülhə qədər bizim diyarın əhalisinin qırılmamasından, talan edilməməsindən və dörd bir yana qovulmamasından ötrü təcili və qəti tədbirlər görməsini, bizə təşkilatımızı gücləndirmək üçün lazımi sayda qoşun göndərməsini, eləcə də bizim mətbuatımız vasitəsi ilə kədərli vəziyyətimizi bütün dövlətlərə və xalqlara çatdırmağı xahiş edirik.

Bu məlumatlar bir neçə gün bundan əvvəl yazılıb, lakin yolların bağlı olması və kuryer yoxluğu üzündən göndərilə bilməyib. Bundan sonra İrəvan quberniyasında işlər başqa şəkil almışdır. Silahlı ermənilər Qəmərli, Sədərək kəndlərinə hücum etmiş bu kəndləri məhv edərək,

Şərur və Naxçıvan qəzalarına istiqamət götürmüşdülər. Ermənilər öz qüvvələrini Aleksandropol və İrəvan şəhərlərindən alırlar. Əgər 15 gün ərzində tədbirlər görülməzsə, bizim Ordubad qəzası düşmənin iki iri qüvvəsinin arasında olacaq və bizim şərəf və ləyaqətimiz bu düşmənlərin ayaqları altında tapdanacaqdır.

Bu iki düşmən qüvvəsindən biri - İrəvandan göndərilir, digər qüvvə - Andranik Zəngəzur tərəfdən hədələyir. Bu ağır vaxtlarda bizim vəziyyətimiz haqqında düşünməyi və bizim necə hərəkət etməyimiz barədə plan tərtib olunmasını, yəni bizimlə üzə duranın kim - rəsmi düşmən, yoxsa quldur dəstəsi olduğunu bizə izah etməyi xahiş edirirk.

Milli Komitənin sədri

Mir Hidayət Seyidzadə,

22 dekabr 1918-ci il.

* * *

N 14, 22 (9) yanvar 1919-cu il.

Yanvarın 10-da Ağdamdan Zəngəzur qəza rəisindən Nazirlər Şurasına bu məzmunda teleqram alınmışdır.

"Abdullarda mayor Gibbon başda olmaqla ingilis komissiyası ilə görüşdüm, orada erməni və müsəlman deputatlarının yanında müttəfiq qoşunların komandanı general Tomsonun əmrinə uyğun olaraq müsəlmanlar və ermənilər arasında hər hansı düşmənçilik hərəkətini dayandırmaq və normal həyatı bərpa etmək qərara alındı və bu əhaliyə elan edildi. Bundan sonra ermənilər dəstə-dəstə sakitcə Şuşaya və geriyə - Gorusa gedib-gəlirlər ki, bunu missiya özü təmin edə bilər. Andranikin dəstəsi başda olmaqla, ermənilər tərəfindən onların vədlərinin əksinə olaraq 30-dan çox müsəlman kəndi dağıdılmış, yandırılmış və əmlakı talan edilmişdir. Qaçıb canını qurtara bilməyənlər, cinsinə və yaşına məhəl qoyulmadan vəhşicəsinə doğranmışlar və bunlar barədə hər dəfə məlumat verilib. Üçüncü gün, mən ikinci dəfə Gibbonla görüşüb onu yola saldıqda, onun gedişindən sonra pristavdan məlumat aldım ki, ermənilər tərəfindən dördüncü sahədəki Razdar kəndi təmamilə dağıdılıb. Əhalisinin bir hissəsi öldürülüb. Böyük dövlətlərin missiyalarının gözü qarşısında müsəlmanların belə vəhşicəsinə qırılması cəzasız qalır. Ermənilər bütün bunları Andranikin dəstəsinin, Türkiyədən olan qaçqınların üstünə qoyurlar. Əhalinin xahişinə əsasən, bu barədə məlumat verərkən Andranikin və onun dəstəsinin Zəngəzur hüdudlarından kənarlaşdırılması, normal həyatın bərpası üçün təqsirkar olanları cilovlamaq barədə vəsatət verməyinizi xahiş edirəm. Müsəlmanları həyəcanlandıran odur ki, hökumət onlara dəstək verir.

Zəngəzur qəza rəisi Məlik Namazəliyev

N 15, cümə axşamı, 23 (10) yanvar 1919-cu il.

Bakı, 23 yanvar 1919-cu il.

Dünənəki nömrəmizdə xarakterik bir sənədin - Şuşa şəhərinin arximandriti və şəhər başçısının imzası ilə Andranikin Qarabağın müsəlman əhalisinə qarşı hərbi əməliyyatların dayandırılması barədə əmrinin dərc edilməsi müxtəlif fikirlər doğurur.

Bir tərəfdən, bu əmri "alqışlamamaq" olmaz, çünki İngiltərə missiyasının bədnam "generalın" fəaliyyətinə müdaxiləsinin nəticəsidir. Sonuncunun bu qədər tez bir zamanda təslim olması onu göstərir ki, ingilislər Qafqazda elan etdikləri sakitləşdirmə və dincliyin bərqərar edilməsi siyasətinin dönmədən yürüdürlər və yürüdəcəklər və daşnakların aqressiv davranışları üzündən qan tökülməsinə daha yol verməyəcəklər.

Bu fakt onun simptomudur ki, müttəfiqlər Qafqazın bütün xalqlarının ehtiyaclarına tam ədalətlə və tamamilə maneəsiz şəkildə yanaşırlar və milliyyət fərqi qoymadan onların hamısının ehtiyaclarının təmin olunması üçün hər cür tədbirlər görəcəklər.

Digər tərəfdən, "əmrin" özünün tonu və onun Azərbaycan Respublikasının şəhərində ictimai mövqeləri olan şəxslər tərəfindən imzalanması göstərir ki, qarşılıqlı güzəştlər zəminində Ermənistan və Azərbaycan hökumətləri arasında bağlanmış bütün sazişlərə baxmayaraq Ermənistanın rəhbər dairələri onları həyata keçirmək və onların icrasına nəzarət etmək iqtidarında deyillər.

Bu sənəd isə göstərir ki, Qarabağın müdafiəsiz müsəlman əhalisinin Andranikin bandaları tərəfindən törədilən qırğını təsadüfi deyildir, "kortəbii" deyildir, əvvəlcədən tərtib olunmuş və yerli erməni təşkilatları tərəfindən dəstəklənən plan əsasında icra olunur.

Ümid etmək qalır ki, qondarma "generalların" hər halda yeganə qanuni hökumətin adından deyil, özünün və başqalarının adından "əmrlər" verməsi qaydasına indən belə son qoyulmuş olacaq.

Bütün mübahisəli sərhəd məsələlərinin həll edilməsi üçün münsif qismində müttəfiq dövlətlərin təmsilçilərinin iştirakı ilə keçirilmiş Ermənistan-Gürcüstan konfransı sayaq, Azərbaycan-Ermənistan konfransının çağırılması işlərin belə bir qeyri-təbii vəziyyətinə son qoyardı. Bəlli olduğu kimi, ümumqafqaz konfransının çağırılması cəhdi erməni hökumətinin imtina etməsi nəticəsində uğur qazanmadı. Bir sıra ayrı-ayrı konranslarla bütün mübahisəli məsələlərə son qoyulması gərəkdir. Belə konfransların özü yeni münaqişələrin qarşısını ala bilərdi.

Artıq 12 əsr yarımdır ki, əzəli Azərbaycan vilayəti olan, Azərbaycan xalqının tarixi beşiyi sayılan Qarabağ, nəhayət, ona heç bir haqqı olmayan və məsələni silah gücünə həll etməyə can atan daşnak bandaları və növbənöv andraniklər tərəfindən hər cür qəsbkarlıqları özündən kənara atmalıdır.

Bütün xalqların demokratiya ideyasının üstünlük qazandığı, xalqların təyini-müqəddərat hüquqlarının həyata keçdiyi, bütün Qafqaz respublikalarının müstəqillikləri Sülh Konfransında rəsmən tanınmağa yaxın olduğu bir zamanda ayrı-ayrı vilayətlərin taleyini silahın qüvvəsi deyil, könüllü qarşılıqlı razılaşma həll edir.

N 21, cümə axşamı 30 (17) yanvar 1919-cu il.

Bakı, 30 yanvar 1919-cu il.

Ararat Respublikası Cavanşir və Şuşa qəzalarının hüdudunda general-qubernatorluq təsis edilməsini "Ermənistanın ərazi hüquqları"na qəsb kimi etirazını bildirərək, Qarabağa iddia ilə Azərbaycan hökumətinə müraciət etmişdir. Ermənistan hökumətinin Qarbağa iddialarının nəyə əsaslandığı - bəlli deyil, görünür nə tarixlə, nə də Qarabağın müasir vəziyyəti ilə hesablaşılmadan sırf imperialist cəhdidir. Qarabağ Azərbaycanın əzəli hissəsi olmuş və hissəsidir. Azərbaycan xalqının bütün həyatı Qarabağla o dərəcədə sıx bağlıdır ki, bir Azərbaycan türkü belə Zaqafqaziyada türk əhlinin məskunlaşma nüvəsi olan bu əraziyə özünün ayrılmaz hüququna heç vaxt şübhə etməmişdir.

Hazırda müsəlman əhali yığcam kütlə şəklində bütün Qarabağı tutur. Yalnız dağlıq zolaqda Şuşadan Gəncəyədək nazik bir zolaqda azlıq təşkil edən, hər tərəfdən türk kəndləri ilə əhatə olunmuş, nə ərazi, nə də iqtisadi cəhətdən Ararat Respublikasının erməni əhalisinin mərkəzlərinə qoşulmayan erməni məntəqələri uzanırlar. Türklərlə məskun düzən Qarabağ rayonunun düzənlik əhalisinin bir hissəsinin yayda köç etdiyi dağlıq zolaqla bu cür iqtisadi bağlılığı hamıya bəllidir və digər hökumətlərin hər hansı "iddiaları ilə" pozula bilməz. Qarabağın müsəlman kəndlərini qılınc və atəşlə var-yoxdan çıxarmış Andranik öz bandaları ilə Qarabağ hüdudlarında görünəndə Ermənistan hökuməti onunla hər hansı həmrəylikdən rəsmən imtina edərək bəyan etmişdi ki, Andranik özbaşına, öz bildiyi kimi hərəkət edir. İndi isə Ermənistan hökumətinin onun Qarabağa "hüquqları" haqqında notası dərc olunduğu bir vaxtda görünür ki, Andranikin hərəkətləri bu Azərbaycan torpağına erməni "hüquqlarını" onun hərəkətləri ilə "möhkəmləndirməyə" ümid edən Yerevan hökuməti ilə bağlı olmuşdur.

Azərbaycan hökuməti dəfələrlə qonşularla münaqişələrə öz nöqteyi-nəzərini bildirərək bu mövqedə dayanmışdır ki, onları zorakılıq yolu ilə deyil, dinc yolla, qarşılıqlı razılaşmalar yolu ilə ləğv etmək lazımdır.

"Naşa vremya" qəzeti özünün 29 yanvar nömrəsinin baş məqaləsində demokratiyanın müdafiəçisi rolunda çıxış edərək öz növbəsində Qarabağ məsələsində Ararat Respublikasının müvəkkilinə çevrilir. Qəzetin fikrincə, "Ermənistan sülh içində yaşamaq həsrətində olduğu qonşuları ilə hər hansı qanlı münaqişəni arzu edə bilməz". Lakin, qəzet bu halda kimin münaqişəni törətdiyini unudur və qorxur ki, "Azərbaycanın məsuliyyətsiz əsilzadə dairələri" davakarcasına çıxışlar edə və demokratiyanı heçə endirə bilərlər. Gerçəkdən parlamentin demokratik və sosialist dairələrinə isnad edən Azərbaycan Hökumətinin "feodalizmi" barədə uydurmaları çoxdan bir kənara atmaq lazımdır. Bu cür ton artıq "köhnəlib". Parlament qarşısında cavabdeh olan Azərbaycan hökuməti heç vaxt özlüyündə davakarcasına çıxış edə bilməz, bizə elə gəlir ki, buna o kifayət qədər çoxlu sübutlar verib və onun qonşularla dinc yanaşı yaşamaq və bütün münaqişələri dincliklə həll etməyə çalışması hamıya bəllidir. Lakin o, bununla bərabər Azərbaycanın suveren hüquqlarının və bütövlüyünün pozulmasına da yol verə bilməz və bu baxımdan Azərbaycan Respubilkasının demokratiyası ona "Naşa vremya" tipli qəzetlərin "çəkindirmələrinin" əksinə olaraq kömək olacaq və dəstək verəcəkdir.

N 23, şənbə, 1 fevral (19 yanvar) 1919-cu il.

Ermənistan və Azərbaycan.

Ararat hökumətinin etirazına cavab olaraq Azərbaycan Respubilkasının xarici işlər nazirliyi tərəfindən belə bir teleqram göndərilmişdir:

İrəvan Ararat Respubilkasının Xarici İşlər Nazirliyinə

Azərbaycan Respublikasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında müvəqqəti general-qubernatorluq təsis edilməsi haqqında qərara qarşı sizin hökumətin etirazı əsaslı deyil, çünki bu rayonlar Azərbaycanın mübahisəsiz və ayrılmaz hissəsini təşkil edirlər. Azərbaycan hökumətinin ali idarəçilik qaydasında təkcə hüquqi deyil, həm də hətta mənəvi vəzifəsi həyatın diqtə etdiyi şərtlərə uyğun olaraq özünün ərazisində qayda-qanunun bərpa edilməsi və milliyyətindən asılı olmayaraq öz vətəndaşlarının həyatını, şərəfini və əmlakını məsuliyyətsiz şəxslərin özbaşınalığından qorunması üçün gücləndirilmiş tədbirlər görməkdir.

Ona görə də, general-qubernatorun təyin edilməsi haqqında bizim hökumətin qərarı heç bir halda Ermənistanın ərazi hüquqlarına qəsb sayıla bilməz, halbuki, buna dair sizin hökumətin etirazını bizim daxili işlərə müdaxilə cəhdi göstərməklə suverenliyimizə qəsd kimi gözdən keçiririk.

N 176, 31 yanvar

Xarici işlər naziri əvəzinə

Adil xan Ziyadxanov

* * *

N 23, şənbə 1 fevral (19 yanvar) 1919-cu il.

Andranik hansı vəsaitlə işləyir?

"Qruziya" qəzetinin 29 yanvar tarixli 22-ci nömrəsindən dərc edilib: redaksiyaya son dərəcə maraqlı bir sənədin fotoqrafik surəti daxil olmuşdur. Bu sənəd məşhur avantürist general Andranikin öz pul subsidiyalarını haradan aldığına parlaq işıq salır. Bu sənədi onun fotoşəklini saxlamaqla dərc edirik.

Erməni xüsusi zərbə dəstəsi rəisi

N 700, 10 dekabr 1918-ci il.

Əlahəzrət general Biçeraxova

Zəngəzur Erməni Milli Şurasının üzvləri Arşaq Şiranyan və Nikolay Osipov Bakıdan gələrək bir milyon rubl (1.000.000) təqdim etdilər, buna görə sizdə iltizam qoyulub. Şuranın adı çəkilən üzvləri mənə məlumat verdilər ki, bu pulları siz general Baqratuninin vəsatəti ilə vermişsiniz. Mənim dəstəmi və bədbəxt qaçqınları unutmadığınıza görə, sizə öz dərin və səmimi minnətdarlığımı bildirirəm.

General-mayor

Sənədə ikibaşlı qartal və rusca "Erməni zərbə dəstəsi" yazılı möhür vurulmuşdur.

* * *

N 29, şənbə, 8 fevral (26 yanvar) 1919-cu il.

Ararat Respubilkasına

Azərbaycan hökumətinin baş naziri yanında xüsusi tapşırıqlar məmuru nazirə belə bir raport vermişdir:

"Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu İrəvan quberniyası Göycə mahalının Qaraiman kəndindən, həmin kəndin sakinlərinin müvəkkili qismində Göycə mahalında ermənilərin zorakılıqlarından şikayətlə Gəncəyə qubernatorun yanına gəlmişdir.

Qubernator dinc müsəlman əhali üzərində törədilən zorakılıqların və vəhşiliklərin Ermənistan ərazisində baş verdiyi səbəbincə və zərərçəkənlərə onun özünün yardım göstərə bilmədiyi mülahizəsindən çıxış edərək onları Bakıya göndərmişdir.

Tərəfimdən sorğu-suala tutulan müvəkkil Allahverdi Oruc oğlu və Rüstəm Məşədi Hüseyn oğlu bir səslə bu ifadəni verdilər:

Yeddi gün əvvəl bizim Qaraimana kəndli Qulu gəldi və məlumat verdi ki, zabitlər Flimov və Nişanovun rəhbərliyi altında erməni dəstəsi tərəfindən gecə Qızılvəng, Subatan və Zağalı kəndləri mühasirəyə alınmışdır. Onları pristav tələb edir bəhanəsi ilə bütün kişiləri tələyə salmış, özləri isə bu kəndləri talan etməyə başlamışlar. Kəndlilər yalvarıb xahiş ediblər ki, onlardan tələb edilən hər şeyi yerinə yetirməyə hazırdılar, təki onları buraxsınlar. Buna belə cavab veriblər: "Əgər iki və ya üç müsəlman kəndini məhv etsək, onsuz da qisas hissimiz soyumayacaq. Əgər 30 belə kənd yox olsa, bu da sentyabr hadisələri zamanı Bakının adi bir küçəsində ermənilərin axan qanları və verdikləri qurbanlarla müqayisədə heçnədir".

Bu üç kəndin dağıdılmasından 4 gün əvvəl Çamurlu kəndində 4 kişi və 6 qadın vəhşicəsinə öldürülmüşdür, özü də kişilərin başı, qadınların isə döşləri kəsilmişdir. Biz özümüz onların meyidlərini dəfn etdik.

Şarab kəndinin sakini, namusuna təcavüz edilmiş qadın məlumat vermişdir ki, Şarab kəndində bütün kişilər öldürülmüş, uşaqları təndirdə yandırmış, sonra bütün kənddən 8 qadını seçərək onları 20 gün saxlayaraq, rüsvay etdikdən və namuslarına toxunduqdan sonra buraxmışlar.

* * *

N 30, bazar günü, 9 fevral (27 yanvar) 1919-cu il.

Cavanşir qəzasından son məlumatlar.

Tərtərdən Bakıya dixili işlər nazirinə vurulmuş 7 fevral 44 nömrəli teleqramın surəti

Fevralın üçündə Ağdərə ermənilərinin 30 nəfərə yaxın silahlı bandası başda Dusunay, Xaçatur Bukan olmaqla mal-qaranı oğurlamağa cəhd göstərmişlər. Atışma baş vermişdir. Quban Allahverdi oğlu yaralanıb, inək öldürülüb, aparılan heyvan qaytarılıb. Şuşadakı Britaniya missiyasına məlumat verilmişdir. Zaxarbekovlar dinc əhali arasından götürülməyincə, zorakılıqların sonu olmaycaq və dinc münasibətlər qurulmasına bütün tədbirlər arzuedilən nəticəni verməyəcək.

Qəza rəisi Məlik-Abbasov

N 32, çərşənbə, 12 fevral (30 yanvar) 1919-cu il.

Erməni hökumətinə nota

Xarici işlər naziri tərəfindən Ermənistan hökumətinə aşağıdakı məzmunda nota göndərilmişdir.

Yerevan, Ermənistan Rehpubilkasının Xarici İşlər Nazirinə

Bizim hökumət tərəfindən məlumat alınmışdır ki, zabit başda olmaqla erməni dəstəsi Göycə gölü yaxınlığında Azərbaycan ərazisinin sərhədini keçərək bu yaxınlarda Qızılvəng, Subatan, Zağalı,

Şahab və digər müsəlman kəndlərini dağıtmışdır. Adı çəkilən kəndlərin kişilərinin bir hissəsi qırılmış, digər hissəsi qaçmaqla canlarını qurtarmışlar. Xeyli qadın zorakılığa və təcavüzə məruz qalmışlar. Hökumətə Göycə vəhşiliklərinə dair ən müxtəlif mənbələrdən daxil olmuş məlumatlar təmamilə üst-üstə düşür, ona görə də yer almış faktların düzgünlüyünə şübhə yeri qalmır. Erməni qoşun hissələri tərəfindən Azərbaycan əraziləri hüdudlarında dinc müsəlman kəndləri üzərində törədilən bu cür vəhşiliklərin sistematik şəkildə təkrarı bizim hökumətimizi son dərəcə çıxılmaz vəziyyətdə qoyur. Xalqın səbr kasası daşmaqdadır.

Xalq arasında hökumətin ünvanına onun törədilən vəhşiliklərə

zəif reaksiya verməsinə, bu hallarda yalnız Ermənistan hökumətinə göndərilən teleqraf etirazları və notaları ilə kifayətləndiyinə eyhamlar göndərilir. Bizim hökumətimiz narahatdır ki, elə bir saat gələ bilər ki, xalqın ehtiraslara əsaslanan və öz yolunda hər şeyi dağıtmaq təhrikçiliyi ilə körüklənən və güclənməkdə olan hiddətinin qarşısını almaq iqtidarında olmaz. Əgər respublika hökuməti tərəfindən Azərbaycanın suveren hüquqlarına qəsbkarlığın aradan qaldırılması və məsuliyyətsiz şəxslər tərəfindən deyil, qoşun hissələri tərəfindən törədilən bu cür vəhşiliklərin dayandırılması üçün qətiyyətli və təcili tədbirlər görülməzsə, eləcə də Göycə faciəsinin başlıca təqsirkarları və bunu təhrik edənlər lazımi şəkildə cəzalandırılmazsa, bizim hökumətimiz baş verə biləcək nəticələrə görə məsuliyyəti öz üzərindən götürməyə məcbur olacaq. Bununla, eyni zamanda bu notanın surəti Qafqazda müttəfiqlərin ali komandanlığına göndərilir.

Xarici İşlər naziri əvəzinə

Adil xan Ziyadxanov

* * *

N 42 fevral 1919-cu il.

Bakı 25 fevral 1919-cu il.

Ermənistan hökuməti Azərbaycan Respubilkası Xarici işlər nazirinin etirazına cavab vermişdir. Öz cavabında o etiraf edir ki, dinc müsəlman sərhəd kəndlərinin əhalisi üzərində kütləvi zorakılıq faktları baş verib və bütöv kəndlər öz ev-eşiklərindən çıxarılaraq qarətə məruz qoyulmuşlar.

Ən pisi budar ki, bütün bu dəhşətlərdə və qanunsuzluqda erməni zabitləri və qoşun hissələri iştirak etmişlər.

Bu faktlar nə qədər dəhşətli olsa da, erməni hökumətinin öz qoşun hissələrinin təqsirini etiraf etməsi faktı və buna qarşı tədbir görmək vədi şübhəsiz məlum müsbət qiymətə layiqdir. Görünür, Ermənistan Respublikasının siyasi rəhbərliyi ciddi şəkildə düşünür ki, daha belə davam edə bilməz. Bu erməni deputatları hissəsinin Azərbaycan parlamentinə daxil olması və Yerevanda Azərbaycan diplomatik təmsilçisinin təyin edilməsi faktı ilə üst-üstə düşmüşdür.

Biz səmimiyyətlə arzu edərdik ki, hər iki hökumətin bu sayaq barışdırıcı addımları öz ardıcıllığı ilə fərqlənsin. Lakin bunu təsəvvürə gətirmək bir qədər çətindir ki, Basar-Keçər rayonunda, Ermənistanın siyasi mərkəzinə bu qədər yaxın rayonda respublikanın qoşun hissələri buna məsuliyyətli və ya məsuliyyətsiz dairələrdən göstəriş olmadan dinc əməkçi əhali üzərində zorakılıqlar törətsin.

Yalnız vəd edilən istintaq və ciddi tədbirlər bizə deyə bilər ki, söz nə dərəcədə əmələ cavab verir!

* * *

N 52, 9 mart (24 fevral) 1919-cu il.

Azərbaycan üzrə xarici işlər nazirinin adına mülki qubernatordan aşağıdakı məzmunda teleqram alınmışdır:

"Göycə mahalının Novobayazit qəzasının təmsilçiləri mənim yanıma gələrək özlərinin ağır vəziyyəti haqqında ərz etmişlər. Erməni nizami qoşunları kəndələrə hücumlar edir, əmlakı və ərzaq məhsullarını əllərindən alır, sakinləri öldürürlər. Onlar yalvararaq Azərbaycan hökumətindən kömək istəyirlər".

* * *

N 67, 30/17 mart 1919-cu il.

Türk qoşunları Qafqaz cəbhəsindən geri çəkilərkən Türkiyə erməniləri Qafqaz erməniləri ilə birləşərək geri çəkilən hissələrə hücumlar etməyə və onları təqib etməyə başladılar.

Bir tərəfdən Andranikin, digər tərəfdən - Dro, Keri, Muradın dəstələri meydan sulayırdılar. Tərk edilmiş bütün müsəlman kəndləri talan və məhv edildilər... Bütün bunlarla eyni zamanda Şaumyan və Avakyanın fitnəsi sayəsində Şamaxı hadisələri törədildi. Buna dair Şaumyanın yazmış olduğu məktub Gəncə komendantının əlinə keçmişdir. Bu məktubdan aydın görünür ki, Şaumyan və Avakyan - tərtəmiz daşnakdırlar... Stepka Lalayevin başçılıq etdiyi şayka gecələr müsəlman evlərinə hücumlar edir, ev sahiblərinin silahlarını əllərindən alaraq onları döyürdülər. Donanma matrosları da eyni əməllərlə məşğul idilər. Bu vəziyyət yanvarın əvvəlindən mart hadisələrinədək davam etdi. Martın 21-dək müsəlmanları qırdılar və bu qırğını 36-cı Türküstan polkunun tələbindən, dənizçilərin hədələrindən və icraiyyə komitəsinin sədri Caparidzenin müdaxiləsindən sonra dayandırdılar, "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şərq körpülərinə yanaşdılar və əgər müsəlmanların qırğını dayandırılmazsa, toplardan şəhərin erməni məhəllərinə atəş açmaqla hədələdilər. Qara qüvvələr bununla cilovlanmış oldu.

"Martın 20-də, deyə bir başqa şahid danışır, - mən gördüm ki, Tatevos Amirov 3 silahlı erməin ilə "Kaspi" qəzeti redaksiyasının tini tərəfdən "İsmailiyyə" binasına yanaşdı və tezliklə binadan alov qalxdı və bina yandı. Yanan "İsmailiyyə" binasının alovları qonşu Tağıyev məktəbin də hədələyirdi. Lakin o, Realni məktəbin qulluqçuları tərəfindən xilas olundu. Onlar güllə yağışı altında məktəbin binasına su tökərək onu qoruya bildilər".

Section: