Gəncə qubernatorunun məruzəsi Cənab Daxili İşlər Nazirinə 1919-cu il

Cənab Daxili İşlər Nazirinə

Mənə etibar edilmiş quberniyanın müsəlman əhalisinin ağır vəziyyəti məni xidməti vəzifəmlə yanaşı, üzərimə Siz Əlahəzrətə bu məruzə ilə müraciət etməyə mənəvi məsuliyyət qoyur. Son günlərin anarxiya hərəkatına çevrilən hadisələri quberniyanın bütün əhalisinin maddi vəziyyətini təmamilə pisləşdirmişdir. Məhsuldar torpaqların çox böyük məkanı əkinçisiz qalmışdır. Əgər isti günlərin yaxınlaşması ilə bağlı maldarların istifadəsi üçün yaylaqların açılmasından ötrü təcili tədbirlər görülməzsə, maldarlığı qəti tənəzzül hədələyir...

Bundan başqa, quberniyanın bütün mədəni həyatı donmuşdur, epidemiya xəstəlikləri üzündən kənd məktəblərinin əksəriyyəti bağlanıö, şəhər məktəbləri və gimnaziyalar bağlanıb, zavodlar işləmir və s.

Əhali dinc həyat arzusundadır, administrasiya öz tərəfindən həyatı normal məcrasına döndərməkdən ötrü mümkün olan hər şeyi edir.

Elə gəlir ki, belə bir şəraitdə ən yaxın vaxtda ölkədə sakitləşməni, dinc həyata keçidi və gənc respubilkanın çiçəklənməsi üçün mədəni təşəbbüslərin həyata keçirilməsini gözləmək olardı.

Quberniyanın sülh həsrətində olan əhalisi dedikdə, mən müsəlmanları, rusları və alman kolonistləri nəzərdə tuturam. Bu məsələdə ermənilər təmamilə başqa baxışlara malikdir və bu barədə danışmaq lazım gəlir. Müsəlmanlara nifrət hissinin bürümüş olduğu, tökdükləri qandan sərxoş vəziyyətə düşmüş bu adamlar müsəlman kəndlərinin dağıdılması, sakinlərin qırğına verilməsi, qadınların və uşaqların zorlanması ilə ifadə olunan düşmənçilik hərəkətlərinə ara vermirlər.

Onların vəhşilikləri sərhəd tanımır, orta əsrin müdhiş müsibətləri bunların yanında adi şeylərdir. İnanmaq olmur ki, XX əsrdə bütün Avropaya öz mədəniliyini car çəkən, amma müdafiəsiz dinc əhaliyə qarşı vəhşilərin bütün üsullarını tətbiq edən xalq mövcuddur. Quberniyanın hər yerindən gələn gündəlik raportlarda və təliqələrdə əksini tapan həmin dəhşətlərin təəssüratı altında bu sətirləri yazmaq ağırdır; qadınlar zorlanmış, uşaqlar tonqallarda yandırılır, dillər, qulaqlar kəsilir; işgəncələr, təhqirlər.

Mən quberniyanın rəisi kimi həmişə tabeliyimdə olan quberniya və qəza idarələrinin məmurlarından respublikanın şüarlarının icrasını tələb edirəm: milliyyətindən asılı olmayaraq hamı qanun və hökumət qarşısında bərabərdir. Lakin istər-istəməz bunun üzərində düşünmək lazım gəlir ki, Allahın və insanların qanunlarını tanımayan xalq, digər bir xalqın dinc övladının başına gətirdiyi bütün bu müsibətlərdən sonra özünə belə bir münasibətə layiqdirmi? Quldurlar tərəfindən hansısa bir Faqrat Balayantsın oğurlanması bütün idarəni ayağa qaldırır. Ələt stansiyasında bir neçə başkəsənin, bir neçə erməniyə quldur hücumu parlamentə sorğu və İngilis komandanlığı qarşısında timsahın göz yaşlarını doğurur, eyni zamanda yüz minlərlə cavabsız qurban hakimiyyətin köməyini və ona qahmar çıxacağını gözləməklə sükut içərisində göz yaşı axıdırlar. Elə gəlirdi ki, ingilis komandanlığı tatar-erməni münasibətlərinə müdaxilə etməklə, münaqişəni yoluna qoymaq üçün xüsusi missiya göndərmək yolu ilə bütün bu yuxarıda təsvir edilənlərə son qoymalıdır, lakin işlər belə deyil, ermənilər səfərbər olunmaqda davam edirlər və Böyük Britaniya təmsilçisi tərəfindən açıq-aşkar dəstəklənirlər. Müsəlmanlara hücumların arası nəinki dayandırılır, əksinə get-gedə daha kəskin xarakter alır. İngilis missiyasının gəlişindən sonra Cəbrayıl qəzasında ermənilərin müsəlmanlar üzərində həyasız zorakılıqları və cinayətləri haqqında 1918-ci il dekabrın 1-dən sonrakı məlumatları misal gətirirəm. Onlar budur:

3 dekabr, Qoqa kəndini mühasirə edərək 10 müsəlmanı doğramışlar, ixtiyar yaşında olan mülkədar Əsəd ağa Cavanşiri öldürmüş və onun ailəsini doğramışlar.

Dekabrın 2-də Arakül və digər kəndlərin silahlı erməniləri Xalaflı, Aşıq Məlikli, Tatar və Şıxlar sakinlərinə hücum edərək, 10 evi dağıtmış, 2 qadını, 6 kişini yaralamış, 10 baş malqaranı öldürmüşlər.

5 dekabr - Qarakəlli kəndindən Molla Nəbiyə və başqalarına məxsus 40 qoyun aparılmışdır.

7 dekabr - Ermənilər Arış kəndi müsəlmanlarının 80 baş qoyununu aparmışlar.

10 dekabr - Doşulu kənd sakini Məhərrəm Musa oğlunun və başqalarının 8 baş malqarası aparılmışdır.

10 dekabr - Əfəndilər kənd sakini Miryusif Mirhəsən oğlunun 12 baş malqarası aparılmışdır.

15 dekabr - Sirik sakinlərinin 100 baş malqarası aparılmışdır.

18 dekabr - ermənilər Məzrə kəndinə hücum etmiş, karaul İsmayıl Mustafa oğlunu süngü ilə öldürmüş, 40 baş malqaranı aparmış və 70 min rubl məbləğində ev müxəlləfatını oğurlamışlar.

Yanvar ayında Düdükçü kəndinin Camal bəy və digər Vəzirovlara məxsus bütün iqtisadiyyatını və sair oda qalamış, onlara yüz min rubldan çox ziyan vurmaqla bütün əmlaklarını darmadağın etmişlər.

Buna baxmayaraq, Cəbrayıl qəzasının müsəlmanları belə hadisələri dərin kədər hissi ilə qarşılamış və heç bir aktiv fəaliyyətə əl atmadan yalnız özlərini və öz əmlaklarını ermənilərin hücumundan qorumaq üçün yalnız müdafiə mövqeyi tutmuşlar.

Qəza rəisinin şəhadətinə görə, bu qəzada bu müddət ərzində müsəlmanlar tərəfindən ermənilərə qarşı heç bir hüquq pozuntusu olmamışdır.

Buna baxmayaraq, ermənilər əllərində bir səbəb olmadan, indi isə dəqiq məlumatlara görə, bütün yerli erməni bandaları üçün qərərgah rolunu oynayan Hadrud kəndində silahlanırlar. Burdan belə çıxır ki, ermənilər sərhəd müsəlmanları ilə ciddi toqquşmalara hazırlaşırlar. Müsəlmanlar silah və patorn çatışmazlığı üzündən ciddi ziyan görə bilərlər.

Bu halda üzərində hər hansı hakimiyyəti tanımayan və ən azı ingilislərdən mənəvi dəstək görən quldur Andranikin mövcudluğu böyük şər qüvvədir.

Ermənilərin əməlləri və vəhşilikləri haqqında məruzəni bitirərkən belə bir ümumiləşdirmə aparmaq istəyirəm ki, təkcə Zəngəzur qəzasında 105 (yüz beş) kənd dağıdılmış və talan edilmişdir, siyahısını məruzəyə əlavə edirəm. (Bundan başqa, İranla həmsərhəd müsəlmanlar iranlı quldur dəstələrinin hücumlarına məruz qalırlar, onlar sərhəd kəndlərini darmadağın edir, sakinləri öldürür, malqaranı qovub aparırlar).

Bu yuxarıda şərh olunanları məruzə edərkən Siz Əlahəzrətə üzümü tutaraq acizanə surətdə xahiş edirəm ki, bütün var-yoxunu itirməklə acınacaqlı vəziyyətə düşmüş müsəlmanların həyatının xilas edilməsi və darmadağın olunmaqdan möcüzə sayəsində xilas olmuş kəndlərin dağıdılmasının qarşısının alınması üçün Sizdən asılı olan hər şeyi edəsiniz.

Siz Əlahəzrətə məruzə etməyi özümə rəva görürəm ki, mənim fikrimcə, Hökumət onların heç şübhəsiz sərəncamında olan bütün tədbirləri görməsi üçün ingilis komandanlığına onların inanmağa vərdiş etdikləri və indiyədək dəstək verdikləri həmin xalqın cilovlanması üçün qəti şəkildə (tələblə) müraciət etməli və müttəfiq orduların Qafqazdakı komandanlığını işlərin gerçək vəziyyətindən hali etməyə çalışmalıdır...

Bununla birlikdə mən iranlı quldur dəstələri Azərbaycana hücumlarına qarşı tədbirlər görülməsi haqqında Xarici İşlər Nazirliyi vasitəsi ilə İran hökumətinin təmsilçiləri ilə təmasa girmək haqqında vəsatət verirəm.

Yekunda, Siz Əlahəzrətdən müsəlman qaçqınların doğma yerlərinə qaytarılması haqqında məsələyə baxılmasını, kənd adamlarının təsərrüfatlarını bərpa etmələrindən ötrü onlara canlı və cansız inventarla, toxum və pul subsidiyaları ilə təmin etmək yolu ilə yardım göstərilməsini xahiş edirəm.

Əlahəzrət, sonrakı sərəncamlarınız haqqında (və mənə etibar edilmiş quberniyanın müsəlmanlarının müdafiəsi haqqında mənim vəsatətimin təmin edilməsi barədə) mənə məlumat vermənizi rica edirəm.

Qubernator Vəkilov.
Dəftərxana müdiri (imza).

Section: