Sülh Konfransının cənab Sədrinə. 16/19 avqust 1919-cu il

Cənab sədr!

Azərbaycanın Sülh Nümayəndə Heyəti Parisdə Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin tanınması haqqında öz bəyanatı ilə Sülh Konfransı qarşısında çıxış etməyə növbə gözlədiyi bir vaxtda bizim ölkənin özündə mühüm hadisələr və proseslər baş verir, bunlar Sülh

Konfransının səlahiyyətinə daxil olmaqla, indinin özündə və həm də zorakılıqla Qafqaz Azərbaycanı ərazisinin və əhalisinin tərkibində köklü dəyişikliklər törədir.

Öz paytaxtından - Bakı şəhərində müntəzəm və tez-tez təliqələr almaq imkanından məhrum olan Azərbaycan Sülh Nümayəndə Heyəti yalnız sonuncu dəfə alınmış rəsmi xarakterli məlumatlardan Qars vilayəti, Erivan quberniyasının Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan qəzasının bir hissəsinin kədərli taleyi - Qars vilayətində Ərdəhan dairəsi istisna olmaqla zorakılıq yolu ilə Ermənistan Respublikasının ərazisinə birləşdirilməsi barədə xəbər tutmuşdur.

Bütün bu torpaqlar türk qoşunları tərəfindən işğal edilmiş və onlar sülh bağlanana qədər orada qalmışdılar. Onlar çəkildikdən sonra Qars və Batum vilayətləri Tiflis quberniyasının Axaltsıq və Axalkalaki qəzaları ilə birlikdə Qars şəhərində müvəqqəti hökumət başda olmaqla, müstəqil Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yaratmışdılar. Bu müvəqqəti hökumət elə o vaxt çağırılmış parlament tərəfindən təşkil olunmuşdu.

Göstərilən vilayətlərin əhalisinin bu dərəcədə açıq ifadə olunmuş iradəsinə baxmayaraq, qonşu respublikalar xalqlların azad təyini-müqəddərat prinsipini pozaraq bir sıra cəhdlər göstərmiş və Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin bir hissəsini işğal etmiş və ən nəhayət buna nail olmuşlar ki, Qars parlamenti və hökuməti general Tomsonun dekreti ilə buraxılmış, hökumət üzvləri isə həbs olunaraq Batuma göndərilmişlər. Bu halda buraxılma və həbslər bununla əsaslandırılmışdır ki, Qars parlamenti və hökuməti guya, düşmən oriyentasiya tuturmuşlar. Yeri gəlmişkən qeyd edim ki, müttəfiq komandanlığı bu diyara marağı olan tərəfdən yanlış məlumatlandırılmışdır.

Bundan sonra, Qars vilayəti qaçqınların məskunlaşdırılması adı altında erməni və gürcü qoşunları tərəfindən tutulmuş, özü də vilayətin tutulması silahlı toqquşmalarla müşayiət olunmuşdur. Qars vilayətinin bu şəkildə tutulmasına öz vaxtında Azərbaycan hökuməti tərəfindən Ermənistan və Gürcüstan respublikalarının hökumətlərinə, habelə Qafqazdakı ingilis komandanlığına etiraz bildirilmişdir.

Qaçqınların öz yerlərinə qaytarılması işinə dərin ürək yanğımızı bildirməklə bərabər, Azərbaycanın xarici işlər naziri özünün bu il 30 aprel tarixli etirazında müttəfiq qoşunlarının cənab komandanına yazmışdır ki, qaçqınların qaytarılması, qaçqınların yerlərinə qaytarmağa çalışmaqdan çox, bu vilayəti zorakılıqla işğal etmək və orada möhkəmlənməyə can atan erməni hərbi qüvvələri tərəfindən deyil, ingilis qoşunlarının köməyi ilə baş verməlidir. Bu vilayətin Ərdahan dairəsi isə Gürcüstan tərəfindən tutulmuşdu, lakin onun hökuməti sonra oradan öz qoşunlarının çıxmasına sərəncam verdi. Qars vilayətiinn bu taleyinə Azərbaycan Respubilkası kənardan adi bir tamaşaçı kimi baxa bilməz və baxmamalıdır.

...Bununla yanaşı, unutmaq olmaz ki, məhz bu yaxın keçmişdə (1877-ci ilə qədər) Türkiyəyə mənsub olan Qars vilayətində ermənilərin müsəlmanlara münasibəti həmişə pis olmuşdur. Son müharibə zamanı isə bu münasibətlər 1914-cü ilin dekabrında türk qoşunları müvəqqəti olaraq Ərdahan dairəsini, Ərdahan şəhərini və Qars vilayətinin bir hissəsini tutanda baş verən hadisələrlə bağlı bərk kəskinləşdi, türklər geri çəkildikdən sonra rus qoşunları müsəlman əhalisini oddan və qılıncdan keçirərək məhv etməyə başladılar.

Məsum müsəlman əhalisinin başına gətirilən bu qanlı hadisələrdə də ermənilər bəzi yerlərdə açıq düşmənçilik münasibətlərini büruzə vermiş, bəzi yerlərdə məsələn, hətta Qars və Ərdahan şəhərlərində, nəinki kazakları müsəlmanlara qarşı təhrik etmiş, həm də özləri müsəlmanları amansızcasına kəsib-doğramışlar.

Bütün bu xüsusatlar, əlbəttə, Qars vilayəti müsəlmanlarının erməni hakimiyyətinin idarəsi altında sakit, müştərək həyatı haqqında danışmağa imkan vermir.

Bunu dərk edərək, vilayətin müsəlman əhalisi özü nümayəndələr göndərməklə və yazılı xahişlər etməklə, son vaxtlar dəfələrlə Azərbaycan hökumətinə ərizələrlə müraciət etmişlər ki, onlar ermənilərin hakimiyyətinə tabe ola bilməzlər və tabe olmayacaqlar, ona görə də vilayətin Azərbaycan Cümhuriyyətinin ərazisinə birləşdirilməsini xahiş edirlər...

...Bundan sonrasında, bu vilayətin taleyi aydınlaşdırılana qədər, ədalət naminə onda müttəfiqlərin üsul-idarəsinin qurulması və ilkin olaraq vilayətdən müttəfiqlərə aidliyi olmayan bütün hərbi qüvvələrin çıxarılması zəruridir.

Azərbaycan Cümhuriyyəti Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan quberniyasının bir hissəsinin Ermənistan hökumətinin idarəsinə verilməsi ilə də eyni dərəcədə razılaşa bilməz.

Hələ bu il aprelin sonlarında, sözügedən verilmənin təzə-təzə güman edildiyi vaxt, Azərbaycan hökuməti buna dair Müttəfiq qoşunların Qafqazdakı komandanına qəti etirazını bildirmişdi. Buna baxmayaraq, belə bir verilmə hər halda baş verdi və sadalanan rayonlar hazırda Ermənistan Respublikası hökumətinin idarəsi altındadır.

Bu xüsusat Azərbaycanın Sülh Nümayəndə Heyətinin öz hökumətinin tapşırığına əsasən bəyan etməyə məcbur edir ki, heyətimiz yuxarıda ifadə olunan etirazı qızğınlıqla dəstəkləyir.

O, belə görür ki, Azərbaycanın ərazilərinin ayrılmaz hissəsinin idarəsinin başqasına verilməsi ilə Azərbaycan Cümhuriyyətinin Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzalarının və İrəvan quberniyasının bir hissəsinə olan şübhə doğurmayan hüquqlarının açıq şəkildə pozulmasına yol verilmişdir. Bu aktla daimi anlaşılmazlıqlar və hətta yerli müsəlman əhalisi ilə Ermənistan Respublikası arasında toqquşmaların mənbəyi yaradılır.

Adı çəkilən rayonlar Azərbaycanın köklü əhalisi ilə eyni xalqı, eyni milliyyəti, təşkil edən, təkcə dininə görə deyil, həm də etnik tərkibinə, dilinə, mənəviyyatına və məişətinə görə tamamilə yekcins müsəlman-azərbaycanlılarla məskundur.

 

  müsəlman-azərb. ermənilər başqaları
Naxçıvan 62,5 36,7 0,8
Şərur-Dərələyəz 72,3 27,1 0,4
Sürməli 68,0 30,4 1,6
İrəvan 60,0 37,4 2,4

 

Bu torpaqların mənsubiyyətinin Azərbaycanın xeyrinə həll olunması haqqında məsələni həll etməkdən ötrü, müsəlmanlar və ermənilər arasında nisbəti müqayisə etmək kifayətdir.

Beləliklə, müsəlman-azərbaycanlılar nəinki əhalinin yarısından çoxdur, hətta Şərur-Dərələyəz qəzasında 72,3% təşkil edirlər. İrəvan qəzasına münasibətdə bu qəzanın əhalisinə dair rəqəmlər götürülmüşdür. Lakin Ermənistan hökumətinin idarəsinə verilmiş və Vedibasar və Millistan rayonlarından ibarət olan hissəsində əhalinin 90%-dən çoxunu müsəlman əhali təşkil edir.

Bu, İrəvan qəzasçının "vanlılar", "sasunlular" və s. kimi ən müxtəlif adlar daşıyan erməni hərbi hissələri tərəfindən ən çox ziyan çəkmiş hissəsidir, onlar Andranik bandaları sayaq uşaqlara və qocalara mərhəmət göstərmədən müsəlman əhalini kəsib-doğrayır, bütöv kəndləri oda qalayır, kəndləri toplardan və zirehli qatarlardan atəşə tutur, müsəlman qadınların namuslarına təcavüz edir, öldürülənlərin qarınlarını yırtır, gözlərini çıxarır, bəzən isə meyitləri yandırır, onlar bütün əhalinin var-yoxunu talan edir, eşidilməmiş vəhşiliklər törədirlər.

Bu sıradan Vedibasar rayonunda biabırçı bir fakt məlumdur: erməni dəstələri Qaraxaç, Kadısu, Qarabağlar, Ağasıbəyli, Dəhnaz kəndlərində bütün kişiləri qılıncdan keçirdikdən sonra, bir neçə yüz gözəl ərli qadını və qızı seçib-götürərək onları erməni "döyüşçülərin" sərncamına vermişlər. Sonuncular erməni vəhşiliklərinin bu bədbəxt qurbanlarını Azərbaycan hökumətinin etirazından sonra, işə hətta erməni parlamenti qarışdıqdan sonra belə xeyli öz yanlarında saxlamışdılar.

Bu rayonların, eləcə də Naxçıvan, Şərur-Dərələyəz və Sürməli qəzalarının müsəlman əhalisinin Ermənistan hökumətinin idarəçiliyini qəbul etmək iqtidarında olmadıqları çoxsaylı nümayəndə heyətləri göndərmələri və yazılı müraciətlər etmələrindən görünür. Onlarda adı çəkilən yerlərin müsəlmanları Azərbaycan hökumətinə yalvarırlar ki, bu torpaqları onlar üçün doğma olan Azərbaycana birləşdirsin, bildirirlər ki, erməni hakimiyyətini qəbul etməkdənsə, ölməyə hazırdırlar.

Vəziyyətin belə bir şəkildə olduğu halda adı çəkilən rayonların Ermənistan Respublikası hökumətinin idarəçiliyinə verilməsi - köklü əhalinin bir hissəsinin digərindən qoparılmasına razılaşmaq deməkdir, bu o deməkdir ki, canlı orqanizmin bir hissəsinin kəsilməsinə razılıq verirsən.

Buna Azərbaycan Cümhuriyyəti hökuməti öz razılığını verə bilməz və üstəlik də, sadalanan qəzalar Azərbaycanın tərkib hissəsi olaraq Azərbaycan hökumətinin idarəsi altında olmuşdur, yerli müsəlman əhalisi həmişə ona can atmışdır, Ermənistan respublikasının hökuməti isə bu rayonlara idarəçilik mənasında indiyədək heç bir iddiada bulunmamışdır.

Gətirdiyimiz mülahizələrə əsasən, Azərbaycan Cümhuriyyəti hökumətinin tapşırığı üzrə bu etiraz notasını Sülh Konfransına təqdim etməklə, Azərbaycan nümayəndə heyəti Konfransdan Qafqazdakı Müttəfiq komandanlığının təmsilçiləri vasitəsi ilə belə bir sərəncam verilməsini xahiş edir:

1. Müttəfiqlərə aidiyyəti olmayan bütün hərbi hissələr Qars vilayəti ərazisindən çıxarılsınlar və bu vilayətdə onun taleyi haqqında məsələ həll edilənə qədər onun dinc sakinlərinin arzu və istəklərinə cavab verən idarəçilik tətbiq olunsun.

2. Naxçıvan, Sürməli, Şərur-Dərələyəz qəzalarının və İrəvan quberniyasının bir hissəsinin idarəsi Azərbaycan Cümhuriyyəti hökumətinin əlində saxlanılsın.

(imza) (möhür yeri)

Section: