Qafqaz Sərdarı İ.İ.Vorontsov-Daşkovun İmperator Əlahəzrətləri Nikolay Romanova məktubundan (17 aprel 1909-cu il)

İmperator Əlahəzrətləri. Bütün ermənilərin Katolikosu həm Türkiyə, həm də Rusiya təbəələrindən ibarət olan öz din mənsublarının xahişi ilə Türkyə ermənilərinin kürdlərin hücumlarından müdafiə olunması haqqında siz əlahəzrətə təbəəlik vəsatəti ilə şəxsən müraciət etməkdən ötrü Sankt-Peterburqa yola düşməyi nəzərdə tutur. Mən bu səfərin ləğv edilməsi cəsarətini öz üzərimə götürdüm və ona həmin vəsatəti siz əlahəzrətin uca nəzərlərinə yönəltməsini təklif etdim. Mən tərəfdən Katolikosun vəsatəti ilə tanış edilmiş olan Nazirlər Şurası sədrinin lütfkar razılığından istifadə edərək, sözügedən vəsatətə dair özümün bəzi şəxsi mülahizələrimi də siz əlahəzrətin monarx diqqətinə bir təbəə olaraq təqdim etməyi özümə borc sanıram. Siz əlahəzrətə bəllidir ki, Qafqaza dair bizim Türkiyəyə olan münasibətlərimizin indiki Batum və Qars vilayətlərinin bizim ərazilərə birləşdirilməsi ilə bitmiş 1877-1878-ci il rus-türk müharibəsinədək bütün tarixi boyunca rus siyasəti Böyük Pyotrdan bəri dönmədən ermənilərə xeyirxah münasibət üzərində qurulmuşdur və onlar bunun əvəzini hərbi əməliyyatlar zamanı qoşunlarımıza fəal yardım göstərməklə ödəmişlər. Erməni-qriqorianlığın beşiyi olan Eçmiadzinin yerləşdiyi Erməni Vilayəti deyə adlandırılmış torpaqların bizə birləşdirilməsi ilə imperator Nikolay Pavloviç Eçmiadzin patriarxından Türkiyə və İran ermənilərinin himayədarını yaratmaq üçün xeyli zəhmətlər çəkmişdi. O haqlı olaraq belə düşünürdü ki, bununla da Kiçik Asiyanın xristian əhalisi arasında Rusiyaya faydalı təsirə malik olmaqla, bizim cənub dənizlərinə doğru keçmişlərdən bəri başlanmış irəliləyişimizə yol açmaq mümkünləşəcək. Biz ermənilərə himayədarlıq etməklə həmişə bizə böyük xidmətlər göstərmiş olan sadiq müttəfiqlər əldə etmişik.

Bu siyasət, öz erməniləri üzərində mənəvi təsiri Konstantinopol Patriarxının əlində cəmləşdirmək istəyən Türkiyənin əks-təsirləri üzündən bizim üçün həmişə uğurla nəticələnməsə də, hər halda demək olar əsr yarım ərzində ardıcıl olaraq və dönmədən yürüdülmüşdür. Son dəfə o öz ifadəsini San-Stefano sülhündə tapmışdır. Onun 16-cı maddəsində Babi-Ali rus qoşunlarının Ermənistanda saxlanacağı qorxusu altında ermənilərlə məskun vilayətlərdə yerli əhalinin tələbatından irəli gələn yaxşılaşdırmalar və islahatları ləngimədən həyata keçirməyi və sonuncuların qonşu kürdlər tərəfindən təhlükəsizliyini təmin etməyi öz üzərinə götürürdü. Babi-Alinin bu öhdəliyi sonra Berlin müqaviləsinin 61-ci maddəsində, lakin bu dəfə rus silahının hər hansı təhdidi olmadan təsdiqləndi - böyük dövlətlərin razılaşmasına əsasən, Rusiyanın istəklərinə zidd olaraq belə bir təhdid müqavilədə buraxılmışdı. Yalnız keçən əsrin 90-cı illərində Rusiyanın ermənilərə münasibətdə bu əzəli siyasəti Sosun qırğını zamanı kəskin şəkildə dəyişilmişdi, o zaman ermənilər onlara Türkiyənin qarşısında qahmar çıxmaq xahişinə knyaz Lobanov-Rostovskidən qəti rədd cavabı almışdılar. Bizim siyasətimizdəki bu dəyişikliyin, ümumiyyətlə, bütün ermənilər, o cümlədən Rus hökumətinə qarşı düşmən inqilabi hərəkata qoşulmuş

Rusiya təbəələri olan ermənilər arasında Rusiya daxilində erməni kilsəsinə münasibətdə tətbiq edilən uğursuz tədbirlərlə bağlı olaraq antirus ovqatı yaratmaqla, bununlada hansı kədərli nəticələrə gətirib çıxardığı Siz Əlahəzrətə yaxşı bəllidir. İnqilab alovuna bürünmüş bu ucqar diyarı sakitləşdirmək məqsədi ilə məni Qafqaz sərdarı təyin etməklə Siz Əlahəzrət üçün, mənim təsəvvürlərimə görə, Rusiya erməniləri arasında narazılıq yaradan bütün tədbirləri ləğv etmək münasib və doğru olardı. Yalnız Siz Əlahəzrətin mənə bu yüksək monarx etimadı mənim ermənilərə münasibətdə siyasətimi pisləyən bir çox dövlət xadimlərinin düşüncələrinin əksinə olaraq mənə onu dönmədən həyata keçirməyə qüvvə bəxş edirdi. Lakin indi, Əlahəzrət, mən bütün təbəələr adından sizə məruzə etməkdə xoşbəxtəm ki, Siz Əlahəzrət indi təkcə Rusiya ermənilərinin şəxsində sadiq təbəələrə malik olmaqla qalmayıb, həm də yalnız Rusiyadan və onun ali rəhbərindən onların həyatlarının, şərəflərinin və əmlaklarının kürdlərin ardı-arası kəsilməyən vəhşiliklərindən həqiqi müdafiəsini görə biləcəklərini dərindən dərk edən Türkiyə ermənilərinin də nəzərlərini özünüzə cəlb edirsiniz.

Əlahəzrət, mən güman edirəm ki, Türkiyə ermənilərinə əzəli himayədarlıq siyasətinə qayıtmağın zamanı gəlmişdir və yalnız indiki məqama uyğun gələn formanı tapmağa ciddi zərurət var.

Mənim son dərəcə dərin inamıma görə, biz ermənilərin kürdlərdən təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan Berlin müqaviləsinə istinad etməklə, Babi-Aliyə qəti bəyanat verməliyik. Məncə, ermənilərə qahmar çıxmaq təşəbbüsünü əldən vermək olmaz, bir də ki, artıq qəzetlərdə belə bir məlumat yayılıb ki, bu bəlkə də yalandır, bəzi erməni siyasətbazları Avstriyanın müdaxilə etməsi xahişi ilə qraf Bertholda müraciət etmişlər. Əgər biz bu təşəbbüsü əlimizə almasaq, bu təşəbbüs başqa bir böyük dövlətin əlinə keçər, bununla da Kiçik Asiya xristianları arasında Rusiyanın nüfuzuna böyük ziyan dəymiş olar, bu məqamda erməni xalqının yalvarışları qarşısında bizim susmağımız, əlbəttə, onun indiyədək yeganə tacidar himayədarı - rus çarına ümidlərini həmişəlik itirməsinə və bundan belə müdafiəni Rusiyadan kənarda axtarmasına gətirib çıxara bilər. Onları özümüzdən uzaqlaşdırmamaqdan ötrü xüsusən də indiki məqamda Türkiyə ermənilərinin müdafiəsində belə bir açıq çıxış etməyimiz, irəlidə indiki vəziyyət daxilində istər-istəməz asanlıqla bizim hərbi əməliyyatlar sferamıza düşə biləcək yerlərdə əhalinin bizə hüsn-rəğbətini hazırlamağımız vacibdir.

Bu qətiyyətli çıxışı etməklə, eyni zamanda biz, təkcə türkləri deyil, həm də Rusiyaya birləşdirilməyin həsrətini çəkən erməniləri çaşdırmamaqdan ötrü, məncə, xüsusi olaraq vurğulamalıyıq ki, bu çıxış Türkiyəyə qarşı ərazi iddialarına can atmaqdan irəli gəlmir.

Həqiqətən də əksərən vəhşi kürdlərlə məskun olan Türkiyə Ermənistanı deyilən ərazinin əldə edilməsi indiki məqamda bizim üçün, rəngarəng, öz aralarında düşmənçilik edən fanatik əhalinin yaşadığı bir ölkənin idarə edilməsində bizə böyük qayğılar yaratmaqla, yalnız ziyanlı ola bilər. Yekunda Siz Əlahəzrətdən onu da gizlədə bilmərəm ki, tərəfimdən layihələşdirilən Türkiyə ermənilərinə diplomatik qahmarlıq onların Rusiya həmtayfalarının qəlbində onların monarxına sadiq təbəəçilik duyğusu və sədaqəti doğurar, onun himayəsində bütün erməni xalqının rifahını səmimiyyətlə arzu edərlər.

İmperator Əlahəzrətlərinin sadiq təbəəsi qraf Vorontsov-Daşkov

Sankt-Peterburq, 10 oktyabr 1912-ci il.

Section: