(Komitə) "Daşnaksütyun" partiyası üzrə

Əlimizdə olan məlumatlara görə, 1913-cü il sentyabrın son günlərindən oktyabrın 15-dək Cenevrədə Daşnaksütyun partiyasının qurultayı keçirilmiş, onun iştirakçılarının Konstantinopolda Semyon ZAVARYANın dəfnində iştiraklarının zəruriliyi səbəbincə erkən yekunlaşmışdır.

Nümayəndələr bunlar olublar: 1) Rusiyadan: Aleksandropol meşşanı Libarik AVEDİSYAN (32-33 yaşlarında, hündürboylu, qaraşın, qısa vurulmuş saqqal saxlayır), Tiflis meşşanı Levoy ARAKELYANTS (30 yaşında, alçaqboylu, xurmayı saçlı, sarışın bığları var, saqqalsız, Rusiyada saqqal saxlayır, atası əslən İrəvandandır) və ZORYANTS; 2) Türkiyədən: Vahan PAPAZYAN, Aram VRANYAN, Arutyun ŞARİKYAN və Artaş AZARYAN; 3) İrandan: MESROPYAN və XANADYAN; 4) Amerikadan: "AQNUNİ" (Xaçatur MALUMYAN); Balkanlardan (Rumınya və Bolqarıstan): nümayəndənin kimliyi araşdırılmayıb. Qurultayda aşağıdakı qərarlar qəbul edilib: 1) İttihad Partiyası ilə müttəfiq olmaq; 2) Osmanlı parlamentində 4 daşnak deputata malik olmaq; 3) Türkiyə Ermənistanında partiya üzvlərini polisə və məhkəmə orqanlarına işə keçirmək; 4) Kiçik Asiyada islahatlar keçirilərkən və o, 6 vilayətə bölünərkən, bu vilayətlərdə siyasi fəaliyyətləri izləmək; 5) Türkiyədə və İranda Büronun icazəsi olmadan mərkəzi komitə üzvlərinin illik seçkisinin aparılmasına yol vermək; 6) bütün mərkəzi komitələr üçün partiya pullarının mədaxili və məxarici üzrə hesabatları hər il Cenevrəyə təqdim etmək vəzifəsini müəyyənləşdirmək; 7) mərkəzi komitələri Büronun icazəsi olmadan terror tətbiq etmək hüququndan məhrum etmək; 8) müəyyən edilsin ki, kiçik tətillər yerlərdə komitələr tərəfindən, ümumi tətillər isə yalnız Büronun əmri ilə elan edilə bilər; 9) mərkəzi komitələr üçün hansı sayda silahın saxlanc yerlərində, hansı sayda silahın əllərdə olduğunu göstərməklə mərkəzi komitələrin sərəncamındakı silahın siyahısını baxılmaq üçün büroya təqdim etmək vəzifəsi müəyyənləşdirilsin; 10) mərkəzi komitələrin və vilayət komitələrinin üzvlərini, eləcə də terror rəhbərlərini yenidən seçmək; 11) "Qnçaq" partiyası ilə razılaşmaya görə, ehtiyac olduqda Türkiyə Ermənistanında özünümüdafiənin təşkilində birgə işləmək və orada islahatların aparılmasına kömək etmək; 12) orada islahatların aparılmasına rəvac verən rus hökumətində ermənilərə qarşı əsəbilik doğurmamaqdan ötrü - Rusiyaya qarşı nə müstəqil olaraq, nə də eserlər partiyası ilə birlikdə heç bir çıxış etməmək, lakin tətillər zamanı "fəhlə ittifaqlarına" kömək göstərmək; 13) bütün zinvorları Qafqazdan Türkiyə Ermənistanına keçirmək; 14) sonuncuda islahatlar aparılanadək Rusiyada siyasi həyatı diqqətlə izləmək, özü də partiya orqanları öz fəaliyyətlərini ən konspirativ şəkildə həyata keçirməlidirlər; 15) 12-ci bənddə göstərilən məqsədlərlə rus sosialist-inqilabçılar, sosial demokratlar və anarxistlər partiyalarına onlar İMPERATOR ƏLAHƏZRƏTLƏRİNƏ qarşı terrora baş vurmasınlar deyə, təsir göstərmək; 16) öz adamlarımızı panislamist emissarlar adı altında Qafqaza göndərmək və təbliğat yolu ilə müsəlman əhalini Rusiyaya qarşı qaldırmaq və üsyan törətmək - bu isə rus hökuməti tərəfindən repressiyalar doğuracaq və müsəlman kütləsinin zəifləməsi ilə nəticələnəcək, bununla da "Daşnaksütyun" özünün Qafqazda gələcək işində müsəlmanların müqavimətinə rast gəlməyəcək, bundan başqa Qafqaz müsəlmanları və Anadolu türkləri tərəfindən ermənilərə qarşı hərəkətləri birləşdirmək təhlükəsi yan keçmiş olacaq; 17) Rusiyada, Türkiyədə, İranda və Amerikada uşaqların təhsili üçün məktəblər açmaq, onların çoxunun nəinki doğma dildə savadı yoxdur, heç ana dillərini də bilmirlər. 16-cı bənddə şərh olunan qərar Avetis AQARONYAN tərəfindən təklif olunmuşdur.

Bu göstərilənləri məlumat verməklə, Siz Zati-alilərə qurultayın qərarının 16-cı bəndinə ciddi diqqət yetirməyi və bu məqsədlə panislamist hərəkatın müşahidəsini gücləndirməyi, eləcə də emissarların Qafqaz hüdudlarına gəlişlərinə müşahidə qoymağı təklif edirəm.

Sonrası mənə məlumat verilsin.

Podpolkovnik (imza LEONTYEV)

[Bakı quberniyası və Dağıstan vilayəti jandarm idarəsi rəisinin müavininin 1914-cü il 10 nömrəli İşindən]

Section: