"Daşnaksütyun" erməni inqilab partiyasının təşkili və fəaliyyəti haqqında məlumat

1905-1906-cı illər olduqca coşqun keçdi və Qafqazda ermənilər və tatarlar arasında əsrlik nifrətin nəticəsi kimi qanların axması ilə yadda qaldı.

Bu mübarizədə "Daşnaksütyun" qeyri-mütəşəkkil tatar bandalarına qarşı təlim görmüş, düzgün təşkilatlanmış və ciddi intizamla tərbiyə olunmuş dəstələr qoymaqla, öz qüdrətini göstərdi.

"Daşnaksütyun"un inqilabi çıxışlarının bu dövründə partiya terrorundan inzibati vəzifələr tutan bir çox şəxslər, məhz general Əlixanov, Bakı qubernatoru knyaz Nakaşidze, Yelizavetpol vitse-qubernatoru Andreyev, qəza rəisləri: Boquslavski, Şmerlinq, Neşşanski, Pavlov, polismeyster Saxarov, pristav Cavaxov və Şumakviç, sərhəd mühafizə polkovniki Bıkov və bir çox digərləri həlak oldular. Bundan başqa, onlar tərəfindən başqa bir məqsədə: Zaqafqaziya ərazisində ermənilərin tatarlardan aralanaraq hüdudlanması, sonuncuların yaşadıqları torpaqların Türkiyədən və qismən İrandan olan erməni köçkünlərlə məskunlaşdırmaq üçün azad edilməsinə də qismən nail olundu.

"Gənc daşnaksakanlar" qrupu onlardan ayrılmış və ardınca (1908-ci ildə) sosialist inqilabçılar partiyası ilə birləşərək bir müstəqil partiya kimi öz varlığına son qoymuşdur.

1906-cı ildə erməni-tatar qırğını dayandıqdan sonra məvacibsiz qalan, bu ərəfədəki fəaliyyətlərinin nəticəsində ruhdan düşmüş daşnaksakan zinvorları "Daşnaksütyun" adı ilə pərdələnərək adi soyğunçular və pul qoparanlar qismində çıxış etməyə başlamışdılar.

Hazırda "Daşnaksütyun" Rusiyada və Qafqazda öz fəaliyyətini son məqsədə - dövlətdə mövcud ictimai quruluşu devirmək və Rusiya ilə federativ demokratik erməni respublikası təsis etməyə nail olmaq üçün sırf inqilabi məcrada davam etdirir və bu məqsədlə terror da daxil olmaqla, bütün tədbirlərə əl atır.

"Daşnaksütyun" mərkəzi komitələrinin yerləşmə məkanları qismən müəyyən olunub. Qalanlarının yerini tapmaq üçün isə, əldə sənədlər olmasa da, onların mövcud olduqları şəhərləri demək olar əminliklə göstərmək olar. Qafqaz üçün bu şəhərlərdir: Bakı - "Voskanapad", Tiflis - "Böyük şəhər", "Medz-Kaqak", Batum - "Navqankist", Qars - "Carapert", İrəvan - "Mirkastan", Aleksandropol - "Kar" və Şuşa - "Aparaj". Cəmi 7 şəhərdir. İranda - Tehran və Təbriz. Türkiyə Ermənistanında, Kiçik Asiyada - Ərzurum və Van. Bütün bu 13 və ya 14 (bəlkə də çoxdur) mərkəzi komitələr nəzarət altındadır, lakin Tiflisdə yerləşən ali idarənin - "Şərq Bürosu"nun tabeliyində deyillər.

Artıq hər bir Mərkəzi Komitə, əlbəttə, rəhbər proqramın hüdudlarından kənara çıxmadan, muxtariyyətə malikdir və məhkəmələrlə birlikdə bizim bütün quberniya idarələrimizin məcmusu timsalında tam, yəni ölüm hökmü çıxarmağadək hər cür hakimiyyətləri var. Onun nəzdində partiya vərəqi nəşr edilir. Mərkəzi Komitə qrupuna bir növ general-qubernator hüquqlarında 5-6 nəfərlik "məsul" orqan sərəncam verir; lakin onların yalnız keçən il formalaşdırılmış orqanlarının sayı məlum deyil. Yalnız inamla söyləmək olar ki, onlardan biri "Zaqafqaziya diyarını idarə etmək üçün" Tiflisdə yerləşir. Ehtimal ki, (Daşnaksütyunun mərkəzi komitələri) Şimali Qafqaz, Bakı quberniyası və Yelizavetpol quberniyasının şərq hissəsi üçün Bakı şəhərində, ikincisi Ermənistanın artıq azad edilmiş hissəsini idarə etmək üçün Qarsda və ya İrəvanda mövcuddur (Mərkəzi Komitələr: Qars, İrəvan, Naxçıvan, Şuşa).

Partiyanın baş orqanlarından başqa, əlavə, əksərən xüsusi təyinatlı orqanları da mövcuddur. Onlar öz mühümlük dərəcəsinə görə partiyanın baxışlarına uyğun olaraq bu və ya digər əsas orqandan asılılıqda və ya onun rəhbərliyi altındadır. Əlavə orqanlara aiddir: "Həmkarlar və kənd ittifaqları", "Qırmızı xaç", "Şagird təşkilatları", "Partiyalararası orqan", "Tədqiqat orqanı", "Mətbuatın təşkili", "Mədəni-maarif cəmiyyəti", "Patorik", "Köməkçi üzvlər", "Özünümüdafiə komitələri", "Deli təşkilatı", "Terror fəaliyyəti komitəsi", "Qorxusaçma təşkilatı" və iki "Tələbə təşkilatı".

Həmkarlar ittifaqları partiyanın aşağı agentləri tərəfindən təşkil edilir və başlanğıcda fəaliyyət növü üzrə peşə xumblarına cəlb edilirlər; cəlb edilənlər burada öz siyasi-inqilabi tərbiyələrini alır, sonra isə onları artıq xüsusi iqtisadi mübarizəni izləyən (lakin korporativ əsaslarla) müvafiq ittifaqa yazırlar, lakin açıq mübarizənin və siyasi-inqilabi maarifçiliyin başlanğıcında koorperasiya yalnız yolüstü aparıla bilər. Hər bir ittifaq "büronun" işləyib hazırladığı nizamnaməni əldə rəhbər tutur, onun taktikasına isə mərkəzi komitə rəhbərlik edir. Nizamnamə xumblarda, partiya fəaliyyətində müvafiq təşviqat materialı ilə birlikdə öyrədilir. Birinci kateqoriyaya bu xumblar aiddir: aptekçi, prikazçik, bərbərlər, şərabçılar, əkinçilər, ipəkçilər, müşələr, dəmirçilər, çilingərlər və digər məşğuliyyət növləri. İkinci kateqoriyaya mənsubdur: Qırmızı Xaç, terrorçular, Deli, özünümüdafiə və zinvorlar (əskərlər).

"Qırmızı Xaç" xumbları altkomitələrin rəhbərliyi altında olsalar da, onlara komitə və ya Mərkəzi Komitə göstəriş verir. Altkomitə yalnız təlim və tərbiyə işinə baxır."Qırmızı Xaç"ın məqsədi - məhbuslar və zərərçəkmişlər, sürgün edilmişlər üçün pul toplamaqla, məhbusları ərzaq, pul, inqilabi ədəbiyyatla təmin etmək, məktubları ötürmək və iş üzrə vəsatətlə çıxış etməkdir; həm satınalma, və ya inzibati rəhbərliyə, yaxud məhkəməyə mənəvi təsir göstərməklə məhbusların azad edilməsinə kömək edəsi bütün tədbirləri görmək, həm də silahlı qüvvə ilə açıq hücum təşkil etməyə qədər məhbusların həbsdən qaçmalarına kömək göstərməkdir. Sonuncu hərəkət digər orqanlarla müştərək yerinə yetirilir. Xüsusi quruluşu olan və müəyyən muxtariyyətə malik digəri - şagird təşkilatıdır. O mərkəzi komitənin rəhbərliyi altında fəaliyyət göstərir. Onun quruluşu belədir: öz xumblarını - təbliğatçılarını, drujinalarını yaradır və hazırlıq işlərini görür. Xumbların təmsilçiləri (xumbapetlər) altkomitəni təşkil edirlər. Altkomitələrin yığıncağı 4-6 nəfərdən ibarət Komitə (entikitite) seçirlər, nümayəndələrdən ibarət ümumi yığıncaq "kontroniko-komitet"ə, mərkəzi komitəyə və "mərkəzi icraiyyə orqanına" bir nümayəndə seçir, jurnalın redaksiyası sonuncunun nəzdindədir. Partiyanın yerli orqanları ilə bütün təmaslar biləvasitə aparılır. Şagird təşkilatının məqsədi "Daşnaksütyun" partiyasının məqsədlərinin yeriməsinə bütün vasitələrlə kömək etməkdir və öz mühitində partiyanın gələcək ziyalı və artıq hazırlıq keçmiş olan rəhbərlərini tərbiyə edir.

Daha intelligent orqanlar yalnız "məsul orqandan" və ya Bürodan asılı olan "beynəlxalq orqan" və "tədqiqat orqanı"dır. Onların hər ikisi son vaxtlar meydana çıxmışlar. İnqilabi işlərdə son dərəcə mühüm əhəmiyyəti olan birincisi inqilabçılar arasında meydana çıxmış bütün fikir ayrılıqlarını və ixtilafları nəyin bahasına olursa olsun aradan qaldırmaq vəzifəsini daşıyır.

...Öz mətbəəsinə, redaksiyasına, kitab mağazalarına, kitabxanalarına və kitab nəşriyyatlarına malikdir.

"Daşnaksütyun"un iki təşkilatı - Rusiya və Avropa tələbələri tamamilə kənarda dayanmışlar, onların hər ikisi öz tələbələri arasında milli-inqilabi ruhda təbliğat, digərlərinin arasında ümumi inqilabi, kosmopolit təbliğat aparırlar. Təşkilatla əlaqəni yalnız rayon məclisində və ümumi qurultaydakı təmsilçiləri ilə saxlayırlar.

"Köməkçi üzvlər" deyilənlər də təşkilatla bağlılıqda deyillər. "Daşnaksütyun"un məqsədlərini bölüşən, ona təbliğat işində əlindən gələn maddi yardımı və ya başqa bir istqamətdə yardımı göstərən hər kəs onun sıralarında ola bilər. Belə üzvlər yalnız bəzən təşkilatlarda öz qabiliyyətlərinə müvafiq olaraq müşavirələrə dəvət edilə, onlara müvafiq tapşırıqlar verilə bilər, hərçənd onların sıralarında öz mövqeyinə görə, adi bir fəhlədən və ya quldurdan tutmuş milyonçuya və böyük dövlət vəzifəsi tutan adamlaradək, məsələn, məşhur fransız deputatı və sosialistlərin rəhbəri Joresə qədər ən müxtəlif adamlar ola bilərlər.

Bütün bu sadalanan həm əsas, həm də köməkçi orqanlardan və "dinc" adlana biləcək təşkilatlardan başqa, ermənilərin psixikasına başqa bir sahədə - məhz dini sahədə təsir göstərən, yalnız "ittifaq şurasına" tabe olan daha bir təşkilat da mövcuddur. Bu - Eçmiadzin Sinodu nəzdindəki "Patorik" dini partiyasıdır. 1903-cü ildə rus Çar Evini və bütün rusları lənətlədikdən sonra "Patorik" din mənsublarına katolikos vasitəsi ilə "kondak"larla, yəni kilsə təlqinləri ilə təsir göstərir. Bu təlqinlər ermənilərə nəinki hökumətin qərarlarını icra etməməyə, həm də ona qarşı çıxmağa icazə verir.

Partiyanın döyüş qruplarından bunlar məlumdur: "özünümüdafiə", "qorxusaçma təşkilatı", "terrorçu hazırlıq komitəsi", "məsul əməli komitə" və "Deli".

"Özünümüdafiə" - bu dövlət milisidir və Qafqazda son iğtişaşlar əsnasında meydana çıxmışdır. Milisionerlərin sırasına ermənilər arasından, öz şəxsi silahına malik olmaq şərtinə əməl edən volontyorlar cəlb edilirlər. Milisionerlər xumbu vaxtaşırı olaraq daşnakların rəhbərliyi altında təlim keçmək üçün yığışırlar və onlara silahla rəftar etmək öyrədilir. Milis mərkəzi komitə ilə təmaslarda olan öz altkomitəsinə və komitəsinə malikdir. "Mərkəzi özünümüdafiə komitəsi"nin yuxarı təsisatı "məsul orqanın" müşahidəsi altındadır. Özünümüdafiə xalq həyəcanları və kütləvi toqquşmalar zamanı çıxış edir.

Qalan döyüş təşkilatları partiyanın fəal və konspirasiya edilmiş çıxışları üçün, əksərən qətllər törətmək üçün mövcuddur.

Ümumi qurultay partiyanın bütün terror fəaliyyətinə rəhbərlik edən 3 adamı təyin edir. Bu 3 adam "terror hazırlayıcı komitə" adlanır.

Onlar yalnız "ittifaq şurasına" tabedirlər və icra funksiyalarına bilavasitə rəhbərlik edir, onu formalaşdırırlar: "əməli komitələr" və "qorxusaçma təşkilatı"nın vəzifəsi yalnız təşkilatın özünün yüksək mənsəbli simalarını onlar "məsullar" və ya hansısa digər ali orqan tərəfindən təqsirləndirildikdə öldürməkdən ibarətdir. Hər mərkəzi komitədə bir terrorçu "əməli komitə" mövcuddur və onların bilavasitə sərəncamındadır. Artıq deyildiyi kimi, ali rəhbərlik və terrorun hazırlanması işi "hazırlayıcı komitəyə" məxsusdur. "Əməli komitə" özünün sair xumblardan formalaşdırılan altkomitələrinə və terrorçu xumblarına malikdir. Mərkəzi komitənin əmrinə əsasən "əməli komitə" yalnız aşağı inzibati orqan və yerli əhali üzərində terrorçuluq hökmünü icra edir. Daha ciddi xassəli tapşırığı "məsul orqanın" əmri əsasında yerinə yetirir. Həm partlayıcı maddələrin, həm də silahın hazırlanması və əldə edilməsi "əməli komitə"nin vəzifəsinə daxildir. Yeri gəlmişkən, partiya bu məqsədlə öz fabriklərini və emalatxanalarını qurmuşdur. Terrorçu "əməli komitə"yə əlavə olaraq mərkəzi komitə nəzdində konspirasiya edilmiş "deli" təşkilatı və ya kəşfiyyatçılar mövcuddur. Onun xüsusi vəzifəsi polis məmurlarının, mühafizə şöbəsi məmurlarının, jandarm idarəsi əməkdaşlarının, ümumiyyətlə, fəaliyyəti "Daşnaksütyun"a ziyan vuran hər bir kəsi müəyyənləşdirmək və onu müşahidə altında saxlamaqdır. Bu təşkilat və onun tərkibi barədə bundan əlavə heç bir məlumat yoxdur.

"Böyük azad Ermənistanın" bərpasını və buna silahlı üsyan yolu ilə nail olmağı qarşıya məqsəd qoymuş olan "Daşnaksütyun" müstəqilliyə xalq milisinin köməyi ilə nail olacağına ümid etmir və buna görə də bütün ümumi inqilabi proqramlara zidd olaraq özünün nizami ordusunu təsis etmişdir. Zinvorlardan (əsgərlərdən) ibarət ordunun formalaşdırılmasına 16 il öncə, 1892-ci ildə I qurultaydan sonra başlanmışdır. Cəlb etmək və buna paralel olaraq partiya vəsaitləri hesabına silahlandırma işi fasiləsiz getmişdir, lakin bu iş çox dərəcədə təcrübəsiz adamların əlində idi, ona görə də nəticələrin də göstərdiyi kimi, siyasi etibarlılıq və nizam-intizam mənasında o qədər də yüksək keyfiyyətli ordu alınmadı. Rusiyada inqilabi təzahürlər özünü göstərən zaman öz ordusunu ağına-bozuna baxmadan səfərbər edən "Daşnaksütyun" onun sayını 100 min nəfərə çatdırmışdı. Lakin, eyni zamanda hər bir əsgər - zinvorun bayraq altına toplanış müddətində müəyyən məvacib - məhz ayda 30 rubl almalı olduğu barədə inqilabi proqrama uyğun olaraq agentura məlumatlarına görə, ordunun saxlanmasına 10 milyon rubl sərf edilmişdi.

Ermənistanın bərpası ona görə mümkün olmadı ki, Rusiyada bərpaya cəhd sürətlə yatırıldı, rus ordusu ümumilikdə hökumətin tərəfində dayandı və onunla birlikdə irticaya başladı. O vaxt Qafqazda ermənilər özlərinin müsəlmanlara açıq nifrətlərini saxlaya bilmədilər və ara müharibəsi başlandı. Müsəlmanlar görünür, daha çox qırğına məruz qaldılar və ərazilərin bir hissəsi onlardan təmizləndi, bir hissəsində isə ara hüdudlandı. Əgər partiya öz ordusunun saxlanmasına bu qədər böyük həcmdə vəsait sərf etməsəydi və bu hal inqilabi fondların tükənməsi ilə hədələməsəydi, bütün bunların nə ilə bitəcəyi bəlli deyildi. Zinvorların məvaciblərinin ləngidilməsi buna gətirib çıxardı ki, sonunculardan təkcə digər xalqları deyil, həm də ermənilərin özlərini soyub-talayan quldur dəstələri formalaşmağa başladı. Bunun nəticəsində Daşnaksütyunun hörməti sürətlə düşməyə başladı. Eyni zamanda, hərbi iyerarxiyanın yuxarısında gördülər ki, işlərin bu ümumi mənzərəsində üsyan tezcə yatırılacaq, ermənilər Rusiya və Türkiyənin arasında məngənəyə düşəcəklər. Buna yol verməyi istəməyərək bəzi hərbi rəislər Rusiyada fəal çıxışlar barədə III qurultayın qərarlarına məhəl qoymamaq və yenidən özlərini loyal qələmə vermək qərarına gəldilər. Bu öz ifadəsini onda tapdı ki, onlar "Daşnaksütyun" ideallarına sadiqliyini saxlamış olan zinvorlardan "yaşıl qvardiya" təşkil edərək onları bir növ quldur və soyğunçu dəstələrin kökünü kəsmək üçün rus hökumətinin sərəncamına verdilər. Özlərinə avtoritet qazanmaqdan ötrü hərbi diktatura elan edidi. Beləliklə, hakimiyyəti ələ keçirməyə cəhd göstərilmiş oldu. Təşkilat buna 1907-ci ilin əvvəlində IV qurultay keçirməklə reaksiya verdi. Qurultay buna "qoxusaçma təşkilatının" formalaşdırılması ilə dərhal cavab verərək, həm hərbi diktaturanın rəhbərlərini, həm də qurultayın qərarlarına tabe olmayan rəisləri və zinvorları ölüm cəzasına məhkum etməklə terror elan etdi. Lakin bununla bərabər, təşkilatlara soyğunçuları və quldurları tutmaq və onları öz məhkəmələri ilə məhv etmək əmri verilmişdi. Bütün 1907-ci il hər yerdə partiyanın qərarına əsasən ermənilərin silsilə qətlləri ilə əlamətdar oldu. Qiyam yatırıldı. Soyğunçular və quldurlar indiyədək məhv edilməkdədir. Terrorun elan edilməsi ilə birlikdə silahlı qüvvələrdə yeni əsaslar üzrə dəyişikliklər də edildi. Nizami ordunun sıralarında yalnız intizamlı zinvorlar, əksərən hərbi mükəlləfiyyət görmüş adamlar saxlandı. Zinvor işləməlidir, əgər imkanlı adamdırsa, öz vəsaitinə silah alır. Silahlı zinvorlar tamamilə müasirdirlər və partiya cəbbəxanasına malikdirlər. Mərkəzi cəbbəxana İrəvanda yerləşir. Zinvorlar məvacibi yalnız yürüş və ya müharibə zamanı alırlar. Qurultaydan bir az əvvəl Bolqarıstanda hərbi məktəbin əsası qoyulmuş, bu məktəbdən 1907-ci ildə 53 zabit məzun olmuşdu. Məktəbdə bu fənlər keçilir: izləmə, hərbi kəşfiyyat, cərrahiyyə, inzibati strategiya, taktika, səhra xidməti, diviziya xidməti, artilleriya, mina xidməti, hərbi tarix, coğrafiya, erməni tarixi, inqilab, hərbi təşkilat, partlayıcı maddələr, pedaqogika, atəş, həndəsə, qrim və hərbi intizam.

Zabit heyəti habelə Amerikanın hərbi məktəblərində də hazırlanır. Silahlı qüvvələrinin başında "Baş Hərbi Şura" - nizami qoşunların vuruşmalarında artıq iştirak etmiş 7 zabit dayanır. Baş Hərbi Şuranın yanında 5 nəfərdən ibarət "Baş Qərərgah" mövcuddur. İdarəetmənin daha aşağı instansiyaları mərkəzi komitələrin ərazilərindəki "hərbi şuralardır". Sonuncular "yüzlüklərin" komandirlərinin yığıncağından ibarətdir. "Yüzlük" - avtonom taktiki və təsərrüfat vahididir. Aşağı iyerarxiya "yüzlüyün" komandiridir, onun yanındakı şura yarımyüzlük komandirlərindən ibarətdir. Daha sonra yarımyüzlük başçısı və onbaşı gəlir, sonuncu 10 zinvora rəhbərlik edir və təlim keçir. Zinvorlar da öz nbvbələrində "xumba" məktəbi keçmiş könüllülərdən toplanır...

Bütün erməni dövlətinin çiçəklənmə və işlək mexanizmi müvafiq qanun müddəaları üzərində qərar tutmuşdur. Qanun müddəaları, nizamnamələr və təlimatlar qurultayların və qismən rayon təşkilatlarının verdikləri direktivlərin ruhuna tam uyğun şəkildə işlənib hazırlanır.

Hazırda, bu yaxınlardakı açıq çıxışından sonra partiya yenidən daxili təşəkkülündə konspirasiyaya keçmiş, lakin təbliğat məsələsində, xüsusən də mətbuata yardımda tamamilə açıq və ən geniş ölçülərdə hərəkət edir. Bununla bərabər, həm bütün daşnakların fəaliyyəti, həm də nizam-intizamın ciddiliyi, eləcə də Rusiyada və Türkiyədə hökumət məmurlarına qarşı repressiyalar son dərəcə gücləndirilmişdir ki, bu özünü artıq çoxsaylı qətllərlə büruzə verib. Partiya mətbuatı ciddi senzuraya tabedir.

Dövlət mexanizminin, ordunun saxlanması, silah əldə edilməsi, təbliğat aparılması və ümumiyyətlə məqsədlərə nail olunması üçün pul lazımdır və buna görə də "Daşnaksütyun"un öz maliyyə sistemi mövcuddur. Ən əvvəl, təşkilata daxil olan hər bir kəs, eləcə də köməkçi üzv öz qazancından və gəlirlərindən az olmayaraq pul ödəyir. Hökumət süründürməçiliyinin və rüşvətxorluğunun əvəzinə işlərin öz məhkəmələrində aparılmasına və onların həm müsəlmanlardan, həm də hər cür sıxışdırmalardan, istismardan və adi soğunçuluqlardan qorunması müqabilində mühazirələrdən, tamaşalardan, lotereyalardan, xeyriyyə axşamlarından, bazarlardan və s. toplanan ianələr, bütün erməni əhalisinə qoyulmug 2 faizlik rüsum fonda yığılır.

Siyasi şəraitə uyğun olaraq əhaliyə münasibət ilk baxışdan barışdırıcı tonda dəyişdirilib, təbliğat isə daimi iezuitizmlə fərqlənən siyasət ruhunda aparılır. Siyasətin iezuitizmi daxili fəaliyyətin belə bir mənasında ifadəsini tapır ki, ermənilər üçün bütün təbliğat milli rəngdə, başqaları üçünsə ümumi sosialist ruhunda, yəni kosmopolitik ruhda aparılır - bu, başlıca dövləti və mənəvi dayaqların: din, çar, vətən, onlarla birlikdə ailənin dağıdılması ilə müşayiət olunur.

Həmin bu iezuitizmin və yaxud sadəcə - fitnəkarlığın "Daşnaksütyun"un fəaliyyətində ümumi bir hal olduğu müşahidə edilməkdədir.

Məsələn, 1908-ci ilin dekabrında Tiflisdə "qorxusaçma orqanı" üzvlərinin, "Məsul orqan"ın və "Şərq bürosu"nun bəzi görkəmli üzvlərinin həbsindən sonra sonuncular tərəfindən bir bəyaniyyə buraxılmış və burada "Büro" erməni xalqını hökumətlə mübarizəyə çağırmaqla, sonuncunun ermənilərə münasibətdə əl atdığı repressiv tədbirləri erməni ziyalılarının kütləvi həbsləri və sürgünləri kimi qələmə verir, hökumətin bu hərəkətlərini xalqa məktəblərin bağlanması, kilsə əmlakının müsadirəsi və katolikosun hüquqlarının məhdudlaşdırılması yolu ilə erməniləri əvvəlki zorakı ruslaşdırma siyasətinə qayıdış kimi izah edirdi. Bu, "Daşnaksütyun" başçılarının 1903-cü ildəki davranışını xatırladır, o vaxt erməni kilsəsinin əmlakının dövlət xəzinəsinin idarəçiliyinə verilməsi haqqında qanunla bağlı faktından onu təhrif edərək ermənilərin bütün ruslara qarşı nifrətini coşdurmaq üçün qüdrətli bir material kimi istifadə etmişdilər. İndi də həmin fitnəkar siyasətinə sadiq qalan "Daşnaksütyun" öz partiya üzvlərinin həbsini ümumerməni məsələsinə çevirmək niyyətindədir və bunda hənsı milliyyətə mənsubluğundan asılı olmayaraq hökumətin dövlətdə mövcud ictimai quruluşu dəyişdirməyə çalışan inqilabi partiya ilə mübarizəsini görmür, öz üzvlərinin həbslərinə başqa don geydirir, onu bütün erməni xalqının özünəməxsusluğuna, onun mədəni inkişafına və dininə sui-qəsd kimi qələmə verir.

 

Əsli ilə düzdür. Kargüzar.
İmperator Əlahəzrətlərinin Qafqaz sərdarı
Dəftərxanasının Xüsusi Şöbəsi
17 aprel 1909-cu il.

Section: