Humanitar fəlakət

Qaçqınlar və məcburi köçkünlər
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburən köçkün düşmüş və respublikanın 62 şəhər və rayonunda, 1600 - dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışlar.
Azərbaycanda həmçinin 11 min nəfərdən çox «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs mövcuddur. Onların böyük əksəriyyətini çeçen mənşəli Rusiya vətəndaşları, Əfqanıstan, İran, İraq və
Fələstindən olan şəxslər təşkil edir. Beləliklə, hazırda Azərbaycanda bir milyonadək qaçqın, məcburi köçkün və «qaçqın» statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxs vardır.
Dağlıq Qarabağ və ona bitişik ərazilər də daxil olmaqla, Naxçıvan Muxtar Respublikasının 1, Ağdam rayonunun 80, Füzuli rayonunun 54, Tərtər rayonunun 13 və Qazax rayonunun 6 kəndi hələ də işğal altındadır.
 
Əsir, girov və itkin düşənlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2006-cı ilin əvvəlindən bu günə kimi aparılmış araşdırma zamanı Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 76 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Beləliklə, 18 aprel 2006-cı il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4600 nəfər təşkil etmişdir. Onlardan 3696 nəfər hərbçi, 904 nəfər mülki şəxsdir. Mülki şəxslərdən 52 nəfər uşaq (18 nəfər azyaşlı qız), 394 nəfər qoca (179 nəfər yaşlı qadın), 99 nəfər ortayaşlı qadın, 359 nəfər ortayaşlı kişidir. Əsir, itkin düşmüş 4600 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.
Əsir və girovluqdan 1381 nəfər azad edilmişdir. Onlardan 340 nəfər qadın, 1041 nəfər kişidir. Eyni zamanda 169 nəfər uşaq (65 nəfər azyaşlı qız), 286 nəfər qoca (110 nəfər yaşlı qadın), 164 nəfər ortayaşlı qadın, 775 nəfər ortayaşlı kişidir.
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 86 nəfər qadın, 365 nəfər kişidir. 124 nəfərin yalnız adı məlumdur, 69 nəfər isə naməlum şəxslərdir.
 
Əsirlikdə qətlə yetirilənlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən «Müharibə qurbanlarının müdafiəsinə dair» 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respublikasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur.
Aşağıda bu faktların bir qismi göstərilir:
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu Qaradağlı kənd sakini ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur. 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından («QSM-7») Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya («Uraqan») bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. 
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şahidliyinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın «Həkimlər insan hüquqları uğrunda» təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya «qaçmağa cəhd edərkən» öldürülməsi fikrini rədd etmişdir.
Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər. 
 
Əsirlikdə verilən işgəncələr
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş-onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yaralarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir.

Section: