Soyqırımın genişlənməsi

(XIX əsrin sonu XX əsrin əvvəlləri)
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o cümlədən onun tarixi ərazisi olan Qarabağa köçürülməsi davam etdirilirdi. Tarixi tədqiqatlarda qeyd edilir ki, Zaqafqaziyadakı 1,3 mln. erməninin 1 mln.-dan çoxu gəlmədir. Bütün bunlara baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i azərbaycanlı, 46%-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə) idi. Köçürülüb gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində məskunlaşdırılması daha geniş hal almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədilə edilirdi və strateji niyyət güdürdü. 
Ermənilərin inzibati-idarə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının mexaniki surətdə artırılması və onların iqtisadi potensialının möhkəmləndirilməsi paralel surətdə həyata keçirilirdi. 
Bununla da çar Rusiyası ermənilərin Şimali Azərbaycana, o cümlədən Qarabağa kütləvi surətdə köçüb gəlməsinə və burada onların inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdı. Çox keçmədən ermənilər Azərbaycan torpaqlarında Böyük Ermənistan ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbayan torpaqlarının yerli - azərbayanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi. Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbayana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı.  Lakin 1905-1906-cı illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik Böyük Ermənistan dövləti yaratmağa cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə sığınaraq azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin devrilməsi (1917, fevral), sonra isə Rusiyada bolşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr) Zaqafqaziyada yaranan anarxiya şəraitində - uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımın yeni, daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbayanı əhatə edən yeni kütləvi soyqırımlar Azərbayan xalqına çox ağır zərbə vurdu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycanda silahlı erməni quldur dəstələrinin və daşnak-bolşevik rejiminin Azərbaycan xalqını tamamilə məhv etmək planlarının qarşısını almaq üçün tədbirlər gördü. Ancaq həmişə ermənilər soyqırımı həyata geçirməkdə israrlı olmuşlar. XX əsrin sonundakı faciələr bunu bir daha sübut etdi.
Section: