“Bu sənədlər o dövrün qaranlıq səhifələrini işıqlandırır” - Diplomat Namiq Əliyev

Diplomat, Azərbaycanın Gürcüstanda(2006-2011) və Moldovadakı (2011-2016)  fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstanda fəaliyyət göstərərkən aşkarladığı Qafqazın tarixini işıqlandıran unikal tarixi sənəd, eləcə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda son vəziyyət və “Ermənistan - Azərbaycan   Sülh Platforması” barədə  Eurasia Diary portalına özəl müsahibə verib.

Eurasia Diary: Hörmətli Namiq müəllim, biz bilirik ki, siz İranda yaşayan  Nestorian ermənilərinin Rusiyanın qəyyumuluğunu və onlarla birgə İrana qarşı çıxış etməsi istəyini əks etdirən vacib sənəd əldə etmisiniz. Maraqlıdır, bu tarixi sənədi siz necə əldə etmisiniz ?

Namiq Əliyev: Tbilisidə çalışdığımız zaman bizim alimlər, tarixçilər, humanitar elm sahələrinin nümayəndələri ilə çox yaxşı münasibətlərimiz yarandı. Mənim Tbilisi milli arxivində işləmək imkanım oldu. Təbii ki, bu müddətdə mənim çoxlu sayda sənədlə tanış olmaq imkanım oldu ki, onların arasında erməni taciri Anton Qrikurovun Rusiya ilə əməkdaşlıq və onun qəyyumluğunu qəbul etmək barədə memorandum da vardı. Bu sənəd mühüm əhəmiyyət kəsb edir. Birincisi o  XIX əsrə, daha dəqiq desək 1824-ci ilə aiddir. Bu sənədlər Azərbaycan xanlıqlarının Rusiyanın hakimiyyəti altına keçməsini, onların Rusiya və İran arasında necə bölündüyünü və ümumiyyətlə bu mühüm tarixi dövrdə nə baş verdiyini işıqlandırır. 

 

Eurasia Diary: Bu sənədin tarixi əhəmiyyəti nədən ibarətdir?

 

Namiq Əliyev: Qeyd etdiyim kimi, bu sənəd ermənilərin Rusiyaya xidmət etmək niyyətini, bizim hər zaman dünyaya sübut emək istədiyimiz məqsədini təsdiq edir. Misal üçün, mətnin özündə Tbilisi hərbi qubernatoruna müraciət edərək Qrikurov  Rusiyaya, Osmanlı və İran dövlətlərinin onlara göstərdiyi hörməti bəsləyəcəyi təqdirdə ona xidmət etməyə hazır olduğu göstərilir. Əgər fikir versəniz görərsiz ki, onların şərtləri dəyişməyib, onlar Rusiya ərazisində yaşayaraq ondan faydalanmaq və Azərbaycan ərazilərini mənimsəmək və gələcəkdə orada məskunlaşmaq üçün Rusiyanın maraqlarına xidmət etməyə hazır olduqlarını bildirirlər.

Eurasia Diary: Bu sənəd bəzi tarixçilərin yalan məlumatlarını ifşa etməkdə yardımçı ola bilərmi?

Namiq Əliyev: Şübhəsiz. Tbilisi milli arxivində və bizim arxivimizdə elektron versiyada saxlanılan bu sənəd Tbilisi hərbi qubernatorluğunun dəftərxanasının  xüsusi sənədidir və bu sənədi hansısa məqsədyönlü fakt hesab etmək əsassızdır. Sənəd ermənilərin farslar və türklərə xəyanətinin, Ermənistanın Rusiyanın hakimiyyəti altına keçməsi eləcə də, Azərbaycanın işğalının da daxil olduğu məqsədlərinə çatmasının sübutudur.  Burada Qrikurovun özü açıq şəkildə qubernatora müraciət edərək ona bu barədə istəklərini çatdırır. Və hətta qubernatora Azərbaycanın işğal edilməsində uğurlar arzu edir.

Eurasia Diary: Cənab Əliyev, uzun müddət diplomat fəaliyyətilə məşğul olan bir şəxs kimi sizin Dağlıq Qarabağ mübaqişəsinin həll edilməsi prosesi ilə bağlı fikrinizi bilmək istərdik. Sizin fikrinizcə danışıqlar prosesi nə üçün dalana dirənib?

Namiq Əliyev: Burada hər şey aydındır. Bir neçə mühüm faktor mövcuddur. Birincisi məntiqi olaraq sülh yolu ilə həll edilməli və işğal olunmuş ərazilərin azad edilməsi ilə nəticələnməli olan prosesdə erməni tərəfi sülh danışıqlarına getmir.  Bu halda münaqişəni həll etmək üçün tərəflərdən biri vasitəçiyə müraciət edir və beynəlxalq ictimaiyyət mübahisəni həll etmək üçün ölçü götürməli olur. Bu misssiyanı ATƏT-in Minsk qrupu öz üzərinə götürüb və praktik olaraq 25 ildir ki, bu məsələ ilə məşğuldur, lakin təəssüf ki, hələ ki, onun fəaliyyəti nəticəsizdir.

Nə üçün göstərilən səylər faydasızdır? Axı Azərbaycan sülh yolu ilə həllə hazırdır. Prezident dəfələrlə məsələnin hərbi güc istifadə etmədən həll olunması üçün bütün səylərin göstərildiyini bəyan edib. Mən İlham Əliyev qədər bu  məsələdə səbr, müdriklik  göstərən ikinci bir prezident görməmişəm. Biz öz sülh səylərimizi necə nümayiş etdirməliyik? Axı bu uzun müddət bu cür davam edə bilməz. Baxın, münaqişəni həll etmək üçün onun açarını tapmaq lazımdır. Xəstəliyi diaqnoz qoymadan müalicə etmək olmaz. Eləcə də mahiyyətini bilmədən münaqişənin səbəbini demək olmaz. Buna görə də Minsk qrupu və bununla məşğul olanlar münaqişəni tənzimləyə bilmirlər. İlk növbədə baş verənlərə hüquqi qiymət vermək lazımdır. Onlar hər faktı  öz adıyla adlandırmalıdırlar . Burada təcavüzkar və işğal faktoru var. Uzun müddətli sülhü təmin etmək üçün, SSRİ dağıldıqdan sonra keçmiş Sovet ölkələri və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış, münaqişədən öncəki inzibati sərhədlərə qayıtmaq lazımdır.  Yalnız o sərhədləri nəzərə alaraq münaqişənin həllini başlatmaq mümkündür. Erməni əsgərləri Azərbaycan ərazisində olduqları müddətdə heç bir həlldən söhbət gedə bilməz. Təcavüzkar işğal etdiyi əraziləri qaytarmalıdır, bu yeganə ədalətli qərar ola bilərdi. Əgər münaqişənin səbəbi və nəticəsi aradan qaldırılmazsa sülh yolu ilə həll variantından danışmaq mənasızdır, çünki səbəbi anlamadan, mübahisənin həll edilməsi uzun çəkə bilməz və qısa zamanda yenidən pozula bilər. Beynəlxalq ictimaiyyət anlayır ki, münaqişənin siyasi yolla həll olunması üçün istək olmalıdır.

Eurasia Diary: İki ölkənin-Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri bir neçə aydır ki, Ermənistan və Azərbaycan  Sülh Platformasının köməyilə sülh ideyasını yayıb. Mənə sizin bu platformanın prioritetləri ilə bağlı fikirləriniz maraqlıdır. Bu platforma arzuolunan nəticəni əldə edə bilərmi?

Namiq Əliyev: Düşünürəm ki, erməni ictimaiyyəti anlayır ki, vəziyyət bu cür davam edə bilməz. Əvvəllər insanlar bunu qəbul etməyə qorxurdular, lakin indi bu problemdən danışmağa başlayan, mütəmadi olaraq bu platformaya qoşulmaqla onu genişləndirən yeni nəslin yetişdiyi başqa dövrdür. Bu Qarabağ münaqişəsinin mahiyyətini anlayan şüurlu insanların sağlam və adekvat mövqeyidir. Bu müharibəni istəməyən, davamlı sülhü arzulayan insanların mövqeyidir. Məsələnin mövcud vəziyyətinin qorunub saxlanmasını istəyənlər sülhü istəyə bilməz. Sülhə  isə dəyişikliklər etmədən nail olmaq olmaz, hansı ki, bu Ermənistan üçün doğru addım olardı. Bu platformaya tarixçilərin, siyasətçilərin və ictimai xadimlərin qoşulması da çox vacibdir. Bu yolla onlar platformanın mövqeyini möhkəmləndirmiş olacaq. Bu ikili standartlardan məhrum, sağlam qüvvələrin münaqişənin sülh yolu ilə həllinə çalışacaqları anlamına gəlir. Təəsüf ki, zamanımız azalır  və 25 il az müddət deyil, və bu müddət  sülhün xeyrinə işləmir. Diplomatlar ictimaiyyətin gücünün artırılmasını və sülh səylərinin nəhayət öz bəhrəsini verməsini istəyir.


Müsahibəni götürdü: Seyran Abbaszadə

Foto, video: Qurban Bəkirzadə, Samir Sadıqov

Section: