Danışıqlar prosesi

Danışıqlar prosesinin başlanması

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Ermənistan-Azərbayan münaqişəsinin ilk vaxtlarından başlayıb. O zaman davamlı sülh prosesindən söhbət getməsə də, tərəflər müxtəlif beynəlxalq vasitəçilərin, xüsusilə region ölkələrinin təşəbbüsləri ilə hərbi əməliyyatların dayandırılması variantlarını bir neçə dəfə epizodik danışıqlarda müzakirə etmişlər.
 
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağın və ona bitişik 7 rayonunun azərbaycanlı əhalisinin kütləvi şəkildə qovulması, Xocalı və digər yaşayış məntəqələrində törədilən kütləvi qətliamlarla müşaiyət olunan müharibə 1994-cü ilin mayına qədər davam edib. Atəşkəs razılaşmasının əldə olunmasından sonra münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin əsası qoyulub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ATƏT-in Minsk Qrupu çərçivəsində başlayan danışıqlar prosesi ərzində münaqişə tərəfləri arasında müxtəlif formatlarda, həm prezidentlər, həm xarici işlər nazirləri səviyyəsində çoxsaylı görüşlər keçirilib. Proses  boyu Azərbaycan və Ermənistan prezidentləri arasında müxtəlif xarici ölkələrdə onlarla təkbətək, habelə həmsədrlərin iştirakı ilə danışıqlar aparılıb. Danışıqlar ərzində Minsk Qrupu həmsədrlərinin münaqişə regionuna çoxsaylı səfərləri olub. Beynəlxalq vasitəçilər tərəfindən münaqişənin nizamlanmasına dair tərəflərə bir neçə dəfə rəsmi şəkildə təkliflər paketi təqdim olunub. Bu təkliflərin böyük əksəriyyəti Ermənistan tərəfindən rədd edilib. Bir neçə dəfə danışıqlar prosesində tərəflər anlaşma əldə etməyə xeyli yaxın olublar. Lakin gah Ermənistanda sülhə razılıq verən prezidentin devrilməsi, gah bu ölkə parlamentində erməni dövlət xadimlərinin güllələnməsi və digər hadisələr sülh anlaşmasına imkan verməyib. 20 ildir davam edən danışıqlar prosesini ardıcıl şəkildə təqdim edirik. 

1991-ci ildəki danışıqlar

1991-ci il  sentyabrın 21-də  Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıya gəlmişlər. Prezidentlər Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə Yerevana gedərək Jeleznovodskda (Rusiya) Azərbaycan-Ermənistan danışıqlarının təşkili barədə müzakirələr aparmışlar. 
Bu səfərdən iki gün sonra 1991-ci il sentyabrın 23-də Jeleznovodsk şəhərində Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan prezidenti N.Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri A.Mütəllibov və L. Ter-Petrosyan arasında görüş keçirilmişdir. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişdir. Görüşün yekunu olaraq münaqişənin sülh yolu ilə həllinə dair bəyannamə imzalanmışdır. Lakin erməni tərəfi bu anlaşmaya əməl etməyib, Jeleznovodsk görüşündən cəmi bir neçə gün sonra Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başlamışdır. Həmin il oktyabrın 4-də erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd (keçmiş Martuni)  və Hadrut rayonlarında azərbaycanlı yaşayış məntəqələrinə hücumlara başlamışlar. Bu, həmin hücumlardan iki həftə əvvəl Ermənistan və Azərbaycan rəhbərliyi arasında əldə olunmuş Jeleznovodsk  razılaşmasının pozulması idi. İki ay sürən silahlı basqınlar nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirilmişdir. 

1992-ci ildəki danışıqlar

1992-ci ilin yanvarın 30-da münaqişənin daha da şiddətləndiyi bir vaxtda artıq müstəqil respublikalar olan Ermənistan və Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (indiki ATƏT) Nazirlər Şurasının Praqada keçirilən toplantısında bu təşkilata üzv qəbul edilmişdir. Elə həmin toplantıda təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar vermişdir. Həmin missiya münaqişə regionuna fevralın 13-də səfər edib. Bu, Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün göstərilən ilk beynəlxalq təşəbbüs idi. Lakin missiya heç nəyə nail olmamış və erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində apardığı etnik təmizləmə davam etmişdir. Nəhayət 1992-ci ilin mart ayında münaqişənin dərinləşməsindən narahat olan ATƏM–in Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib. Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, ev sahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmi 12 ölkə) iştirakı ilə işçi format - Minsk Qrupu yaranmışdır. Sonralar Minsk konfransı çağırılmasa da, Minsk Qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı. (1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir).
 
Bu dövrdə ATƏM-in Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün Minsk Konfransı çağırması İranın fəallaşması ilə müşaiyət olunmuşdur. Hər iki münaqişə tərəfi ilə quru sərhədlərinə malik olan İran Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa danışıqlar təşəbbüsü ilə çıxış etmişdir. Bunun nəticəsi olaraq 1992-ci il mayın 7-də və 8-də Tehranda Azərbaycan və Ermənistan rəhbərlərinin (Yaqub Məmmədov və Levon Ter-Petrosyan) görüşü olmuşdur. İkigünlük müzakirələrin yekunu kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birgə bəyanat qəbul olunub. Lakin Tehranda danışıqların getdiyi vaxtda erməni hərbi qüvvələrinin Şuşaya hücumu başlamışvə Tehran bəyannaməsinin qəbul edilməsinin ertəsi gün şəhər işğal olunmuşdur. 
1992-ci ilin yayında Qarabağda döyüşlər daha da şiddətlənmiş və iyun ayının 1-də Roma şəhərində ATƏM-in himayəsi altında Qarabağ nizamlanması üzrə ilk danışıqlar başlanmışdır. Müzakirələrdə Azərbaycan və Ermənistanla yanaşı, Minsk qrupunda təmsil olunan ölkələrin nümayəndələri iştirak etmişlər.  Bu format barədə razılıq həmin ilin martında ATƏM rəhbərliyinin Helsinki toplantısında əldə olunmuşdu. Ancaq Roma danışıqları heç bir nəticə verməmiş və hərbi əməliyyatların dayandırılmasına yönələn təşəbbüslər nəticəsiz qalmışdır. 

1994-cü ildəki danışıqlar

Münaqişənin həllinə dair davamlı danışıqlar prosesi 1994-cü ilin mayında əldə edilmiş atəşkəs razılaşmasından sonra başlayıb. Həmin vaxt Ermənistan artıq Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal etmişdi. Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə başlayan danışıqlardan sonra tərəflər nəhayət 1994-cü il mayın əvvəllərində atəşin dayandırılmasına dair razılaşma əldə etmişlər. Bu razılaşma 1994-ci il mayın 12-dən qüvvəyə minmiş və beləliklə artıq 20 ildir ki, Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş münaqişə” kimi qalır. Lakin erməni tərəfi razılaşmaya məhəl qoymayaraq hələ də atəşkəsi pozmaqda davam edir.

1996-cı ildəki danışıqlar

Atəşkəsin əldə olunmasından sonra danışıqlar prosesi əsasən Minsk Qrupu formatında aparılıb. Minsk Qrupunda Avropa ölkələrindən olan həmsədrlər bir-birini əvəz etmiş, Rusiya isə bu formatda dəyişməz həmsədr kimi qalmaqda idi. Danışıqlar prosesi əsasən həmsədrlərin münaqişə regionuna səfərlərindən, tərəflərlə ayrı-ayrılıqda görüşlərindən və Minsk Qrupu çərçivəsində aparılan məsləhətləşmələrdən ibarət olub. Vasitəçilər münaqişənin həllinə dair tərəflərin imzalaya biləcəyi müqavilə layihəsini hazırlamağa çalışmışlar. Dağlıq Qarabağ üzrə vasitəçilik formatında bu vəziyyət 1996-cı ilin sonunadək (2-3 dekabr 1996, ATƏT-in Lissabon sammiti) davam etmişdir.

1997-ci ildəki danışıqlar

1997-ci ilin yanvarından Minsk Qrupunda üçlü həmsədrlik (Rusiya, ABŞ, Fransa) institutu yaradıldı. ATƏT-in münaqişəyə dair ən ciddi qərarı isə 1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilən sammit zamanı qəbul edildi. Həmin sammit çərçivəsində prezident Heydər Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti olduqca gərgin danışıqlar aparıb, təşkilata üzv ölkələri münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğuna inandıra bilmişdir. Heydər Əliyevin gərgin səyləri nəticəsində sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı:
1) Azərbaycanın ərazi bütövlüyü bərpa edilir;
2) Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir;
3) Dağlıq Qarabağın hər iki icmasının təhlükəsizliyi təmin olunur.
Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq verməmişdir. Prezident Heydər Əliyev isə cavab addımı kimi bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirmişdir. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi ABŞ, Rusiya, Fransa və digər ölkələrin səyi ilə həmin müddəalar ATƏT-in sədri, İsveçrə XİN başçısı Flavio Kottinin xüsusi bəyanatı şəklində qəbul olunub. ATƏT-in 53 ölkəsi sənədi qəbul etsə də, Ermənistan onun əleyhinə səs verib. Lissabon prinsipləri indiyədək Qarabağ nizamlanmasının başlıca prinsipləri olaraq qalmaqdadır. Sonradan Ermənistan diplomatiyasına rəhbərlik edən Vardan Oskanyan etiraf etmişdi ki, Lissabon prinsipləri onların böyük diplomatik məğlubiyyəti idi. Çünki beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi.
1997-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan Finlandiyanı Fransa (ikinci həmsədr ölkə Rusiya idi) əvəz edib. Dəyişiklik Azərbaycanla razılaşdırılmamışdı. Rəsmi Bakı buna etiraz etmiş və alternativ olaraq ABŞ-ın həmsədrliyini irəli sürmüşdür. 15 fevral 1997 – ci ildə ABŞ ATƏT-in Minsk qrupuna üçüncü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunmuşdur. Beləliklə, kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. (Həmin vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir).
 
1997-ci il iyunun 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) regiona səfərin gedişində Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistana kompleks plan təklif etmişlər.
Bu, beynəlxalq vasitəçilərin Qarabağ nizamlanmasına dair tərəflərə rəsmən təqdim etdikləri ilk plan idi.
Həmin layihəyə əsasən, silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razılaşma əldə edilməli idi. Azərbaycanın sözügedən sənədlərin (“Paket həll” variantı) mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı qəti şəkildə rədd etdi. Beləliklə, Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə dair ilk ciddi təşəbbüsü Ermənistan tərəfindən uğursuzluğa uğradıldı.
Bundan sonra da həmsədrlər isə yeni həll variantları üzərində işi davam etdirmişlər. 19-23 sentyabr 1997-ci il tarixlərində həmsədrlər bölgəyə səfərləri zamanı münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etmişlər. Bu təkliflər ilk mərhələdə 6 rayonun işğaldan azad olunmasını, ATƏT-in sülhyaratma əməliyyatlarının başlamasını, köçkünlərin azad olunmuş ərazilərə qayıtmasını və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın və Şuşa məsələləri həll olunmalı, Dağlıq Qarabağın statusunun əsas prinsipləri razılaşdırılmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi. 
10 oktyabr 1997-ci il tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, “həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza” olduğunu bildirdilər. Daha sonra Ermənistan prezidenti Levon Ter-Petrosyan “mərhələli həll” planının Qarabağ münaqişəsinin həllinin yeganə mümkün variantı olduğunu əsaslandıran məqalə ilə çıxış etdi. Ancaq Azərbaycan ərazilərinin işğalına bilavasitə başçılıq edən keçmiş səhra komandirləri Robert Köçəryan, Serj Sərkisyan, Vazgen Sərkisyan və digərləri bu plana qarşı çıxdılar. 1998-ci ilin fevral ayında Levon Ter-Petrosyan Qarabağdan olan R.Köçəryan və digərləri tərəfindən istefaya məcbur edildi. 

1998-ci ildəki danışıqlar

1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürdü. Beləliklə, münaqişənin həlli üçün o vaxt yaranmış ən real imkan əldən verildi.
9 noyabr 1998-ci il tarixində həmsədrlər “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən, Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi vahidi statusu əldə etməli,  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanla birlikdə ümumi dövlət təşkil etməli idi. Azərbaycan bu təklifləri onun suverenliyinə və Lissabon prinsiplərinə zidd olması səbəbindən rədd etdi. Bundan sonra heç bir yeni təklif irəli sürülmədi və Minsk prosesi çıxılmaz vəziyyətə düşdü. Sonradan Robert Köçəryanın komandasında xarici işlər naziri olmuş Vardan Oskanyan öz xatirələrində etiraf edirdi ki, o vaxt Rusiyanın Dnestryanı bölgə münaqişəsinin həlli üçün irəli sürdüyü “ümumi dövlət” modeli beynəlxalq hüququn, dünya birliyinin məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyi bir vaxtda Ermənistan tərəfindən danışıqlarda vaxt udmaq üçün həmsədrlərə təklif edilmişdi. 

1999-cu ildəki danışıqlar

Danışıqlar prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azərbaycan və Ermənistan prezidentləri arasında münaqişənin həllinə nail olunması məqsədilə birbaşa görüşlər başladı. Bu görüşlərdə Minsk Qrupu həmsədrləri də vasitəçilik dəstəyi göstərirdilər. Prezidentlər əsasən beynəlxalq toplantılarda bir araya gəlirdilər.  İlk belə görüş 1999-cu il aprelin 24-də Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə baş tutub. Həmin sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşmüşlər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.
Bu dövrdə Ermənistanda siyasi vəziyyət stabil deyildi. 1999-cu ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Qarabağ məsələsi əsas siyasi spekulyasiya predmeti olmuşdur. 
1999-cu il iyulun 16-da İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilmişdir. Məhz bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoymuşdur. Əliyev-Köçəryan formatında növbəti görüş 1999-cu ili avqustun 22-də yenidən Cenevrədə baş tutmuşdur. 
26 oktyabr 1999-cu ildə ABŞ dövlət katibinin müavini Stroub Telbott Dağlıq Qarabağ danışıqlarındakı vəziyyəti müzakirə etmək üçün Yerevana, oradan Bakıya gəlmişdir. Bu, Qarabağ sülh danışıqlarının intensiv mərhələsi idi və noyabrda ATƏT-in İstanbul sammitində müəyyən razılaşmanın imzalanacağı gözlənilirdi.
Lakin oktyabrın 27-də Ermənistanda baş verən parlament terroru sülh imkanlarını tamamilə heçə endirdi. Ermənistan parlamentindəki terror aktında Nairi Unanyanın başçılıq etdiyi silahlı dəstə baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, hökumət üzvü və parlamentin deputatı olan daha 6 nəfəri qətlə yetirmişdir. Ermənistanda daxili siyasi vəziyyəti iflic edən və sifarişçiləri indiyədək naməlum qalan bu terror aktı Qarabağ sülh prosesini də faktiki dayandırdı.

2000-ci ildəki danışıqlar

19 avqust 2000-ci ildə uzun fasilədən sonra danışıqlar prosesi yenidən canlandı.  MDB dövlət başçılarının Yaltada (Ukrayna) keçirilən qeyri-formal sammitində Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti danışıqlar oldu. Nəticəsiz qalan bu danışıqlardan sonra Fransa prezidenti Jak Şirak vasitəçilik təşəbbüsünə başlamışdır.

2001-ci ildəki danışıqlar

26 yanvar 2001 –ci ildə Parisdə Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Növbəti danışıqların mart ayında keçiriləcəcəyi elan edilib. 
22 fevral 2001 –ci ildə Azərbaycan XİN danışıqlar prosesi ətrafında yaranmış ajiotajla bağlı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar ATƏT-in Minsk Qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını (Paket həll, Mərhələli həll və Ümumi dövlət planı) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarmış və bununla da məlum olmuşdur ki, Ermənistan həmin nizamlama planlarının ikisindən imtina edib.
4-7 aprel 2001–ci ildə Ki Uestdə (ABŞ) Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanması tarixində ən uzun danışıqlar raundu keçirilib. Lakin dörd gün sürən danışıqlar nəticəsiz başa çatıb. Vasitəçilər növbəti danışıqların iyunda Cenevrədə (İsveçrə) keçiriləcəyini bəyan ediblər. 9 aprel 2001 –ci ildə  Ki Uest (Florida) danışıqları başa çatdıqdan sonra Vaşinqtona gələn Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ prezidenti Corc Buşla ayrı-ayrılıqda görüşləri olub. ABŞ rəhbəri Qarabağ münaqişəsində sülhə nail olmaq üçün vasitəçiliyin davam etdiriləcəyini bəyan edib.
 
18 may 2001 –ci ildə Bakıya səfərə gələn Minsk Qrupunun həmsədrləri Kerri Kavano (ABS), Nikolay Qribkov (Rusiya) ve Filip de Suremen (Fransa) Azərbaycan prezidenti Heydər Əliyevlə danışıqlar aparmışlar. Görüşdən sonra mətbuat qarşısına çıxan vasitəçilər müzakirələrin gərgin keçdiyini qeyd etmişlər. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə gözlənilən görüşün hələlik baş tutmayacağını bildirmişlər. Yalnız bir il sonra (iyun 2002) qismən aydınlaşıb məlum oldu ki, Ermənistan tərəfi Paris (mart 2001) və Ki Uest (aprel 2001) danışıqlarında Qarabağ nizamlanmasında «dəhliz mübadiləsi»nə (Dağlıq Qarabağla Ermənistan arasında «Laçın dəhlizi» və Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında «Mehri dəhlizi») ilkin razılıq versə də, sonradan geri çəkilib.
1 iyun 2001 –ci ildə MDB dövlət başçılarının Minskdə (Belarus) keçirilən sammiti çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olmuşdur. Görüşdə Azərbaycanın prezidenti Heydər Əliyev qeyd etmişdir ki, Bakı hələlik hərbi dildə danışmır, amma həmişə belə olmayacaq. O, Azərbaycanda əhalinin böyük hissəsinin sülh danışıqlarına artıq inanmadığını və işğal olunmuş torpaqları müharibə yolu ilə azad etməyin tərəfdarı olduğunu bildirmişdir.

2002-ci ildəki danışıqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri 2002-ci ilin mart ayında bölgəyə səfərləri zamanı danışıqlar prosesinin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri səviyyəsində davam etdirilməsi təklifini irəli sürmüşlər. Bu təklif hər iki dövlət başçısı tərəfindən qəbul olunmuşdu. Beləliklə, 13-15 mart və 29-30 iyul 2002-ci il tarixlərində Praqa yaxınlığında hər iki dövlət başçısının xüsusi nümayəndələrinin iki görüşü keçirilmişdir. 

2004-cü ildəki danışıqlar

2004-cü ildən etibarən “Praqa prosesi” çərçivəsində Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında birbaşa danışıqlar başladı. Paralel olaraq prezidentlər arasında birbaşa danışıqlar formatı da qalmaqda idi. Belə danışıqlar həm Rusiya, həm Fransa prezidentlərinin vasitəçiliyi ilə baş tutmuşdur. Bir neçə dəfə bu danışıqlar prosesində mühüm irəliləyişlərin olduğu açıqlansa da, hər dəfə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi üzündən nəticə əldə etmək mümkün olmamışdır. İlllərlə davam edən “Praqa prosesi”nin nəticəsi olaraq həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin əsas prinsiplərini işləyib hazırlamışlar.

2007-ci ildəki danışıqlar

2007-ci il noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşlər. ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçən görüşdə E.Məmmədyarov, V.Oskanyan və həmsədrlərdən başqa Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini də iştirak etmişlər. 
Həmin görüşdə Minsk qrupunun həmsədrləri Məmmədyarovla Oskanyana Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsini təqdim etmişlər. Görüşün ardınca ATƏT-in Minsk qrupu bəyanatla çıxış etmişdir. Bəyanatda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqların son üç ilində tərəflərin mövqeləri arasında ziddiyyətlər əhəmiyyətli dərəcədə azalıb və yalnız bir neçə məsələnin razılaşdırılması qalıb. Həmin vaxtdan münaqişənin nizamlanmasının baza prinsiplərinə dair təkliflər “Madrid prinsipləri” adlandırılıb və danışıqlar bu təkliflər əsasında aparılıb. 

2009-cu ildəki danışıqlar

Nəhayət 2009-cu il iyulun 10-da “Böyük səkkizliy”in İtaliyanın Akvill şəhərində başa çatan sammitinin ardınca həmsədr ölkələr adından “Madrid prinsipləri”nin mətni Vaşinqtondan yayılıb. Sənədin əsas müddəaları bunlardır.
1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması;
2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi;
3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;
4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan öz müqəddəratını ifadə etmək hüququ;
5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ;
6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.
O vaxtdan bəri “Madrid prinsipləri” bir neçə dəfə tərəflərin danışıqlarda irəli sürdüyü təkliflər əsasında yenilənmişdir. Danışıqlar isə 2008-ci ilin payızından etibarən əsasən Rusiyanın vasitəçilyi ilə davam edib. 
6 iyun 2008-ci ildə  Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşmişdir.  Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər. Daha sonra Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli formatda danışıqların əsasını qoymuşdur. Bu formatda 10-a qədər görüş keçirilib. 
Əliyev-Medvedyev-Sərkisyan formatında ilk danışıqlar 2008-ci il noyabrın 2-də Moskvada, Rusiya dövlət başçısının Mayn Dorf iqamətgahında olub. Görüşdən sonra prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair Bəyannamə imzalamışlar. Bu, münaqişə tərəfləri arasında danışıqlar prosesi ərzində imzalanmış ilk birgə sənəd idi. Beş bənddən ibarət sənəddə tərəflər bəyan ediblər ki, münaqişəni beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla nizamlamaqla Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək göstərəcəklər. Bəyannaməyə görə, bu, regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. 
2009-cu il yanvarın 28-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan İsveçrədə (Sürix), Davos İqtisadi Forumu çərçivəsində görüşərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yenidən müzakirə etmişlər. Görüşdə prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəlmişlər. 
 
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş 7 may 2009 –cu ildə Çexiyanın paytaxtı Praqada keçirilib. ABŞ-ın Çexiyadakı səfirliyində gerçəkləşən görüş üç saata yaxın davam etmişdir. Görüş başa çatdıqdan sonra Minsk Qrupunun həmsədrləri media nümayəndələrinə nikbin ruhda açıqlamalar vermişlər. Vasitəçilər danışıqların konstruktiv şəraitdə keçdiyini və tərəflər münaqişənin həllinə dair baza prinsiplərini razılaşdırmaq ərəfəsində olduqlarını bildiriblər.
Ümumiyyətlə 2009-cu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda intensiv mərhələ olub. Həmin il iyunun 4-də  Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında növbəti görüş Sankt-Peterburqda keçirilmişdir.  Bu görüş həmin bir il ərzində prezidentlər Əliyev və Sarkisyan arasında keçirilən sayca 5-ci danışıqlar raundu idi. Prezidentlər bu formatda 2009-cu il  iyulun 17-də Moskvada yenidən bir araya gəliblər. Danışıqlar ertəsi gün qeyri-rəsmi formatda davam etmişdir.
2009-cu il oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında MDB sammiti çərçivəsində Qarabağ danışıqlarının növbəti raundu keçirilib. Həmin il noyabrın 22-də Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş Almaniyanın Münxen şəhərində keçirilib. Bu, prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən sayca 8-ci, 2009-cu ildə isə üst-üstə 6-cı görüş idi. Əliyev-Medvedyev-Sərkisyan formatında danışıqlar 2010-cu ildə də davam edib.

2010-cu ildəki danışıqlar

25 yanvar 2010 – cu ildə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçidəki “Krasnaya polyana” qəbul evində bir araya gəlmişlər. Danışıqlardan sonra prezident İlham Əliyev bəyan edib ki, həmsədrlərin təklif etdiyi yenilənmiş Madrid prinsiplərini Azərbaycan tərəfi “müəyyən istisnalarla” qəbul edir. Xarici işlər naziri Elmar Məmmədyarov isə Ermənistan prezidentinin Soçi danışıqlarında bu təkliflərə münasibət bildirmək üçün iki həftə vaxt istədiyini açıqlayıb. Lakin Ermənistan tərəfinin təkliflərə cavabı aylarla gecikib. 
Nəhayət həmin il iyunun 17-də prezidentlər üçtərəfli formatda Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi beynəlxalq iqtisadi forum çərçivəsində görüşmüşlər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər. Yayılan xəbərlərdən məlum olub ki, Ermənistanın əvvəlcə əldə edilmiş anlaşmalardan geri çəkilməsi üzündən tərəflər nizamlanmanın ümumi prinsipləri ətrafında razılığa gələ bilmirlər. Belə ki, Ermənistan Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etmir. 
26 iyun 2010-cu ildə Rusiya prezident Dmitri Medvedev, ABŞ prezidenti Barak Obama və Fransa prezidenti Nikola Sarkozi Kanadada keçirilən “Böyük səkkizlik” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul etmişlər. Üç ölkənin prezidenti bəyanatda Azərbaycan və Ermənistanı münaqişənin əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıb. 

2011-ci ildəki danışıqlar

2011-ci ilin iyul ayında Kazanda Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sərkisyan və İlham Əliyev arasında keçirilən növbəti üçtərəfli danışıqlarda Madrid prinsiplərinin yenilənmiş variantının razılaşdılması şansı yaranıb. Ancaq Ermənistanın Dağlıq Qarabağın yekun hüquqi statusunu bəri başdan müəyyənləşdirən mexanizmdə israr etməsi, habelə işğal altındakı Kəlbəcər və Laçını boşaltmaqdan imtina etməsi üzündən danışıqlar nəticəsiz qalmış, razılaşma baş tutmamışdır. 
 
Section: